“Sülh prosesində həlledici mərhələyə qədəm qoymuşuq” - Deputatdan AÇIQLAMA

“Sülh prosesində həlledici mərhələyə qədəm qoymuşuq” - Deputatdan AÇIQLAMA
13:48

Son günlər sülh prosesi ilə bağlı həm yerli, həm də beynəlxalq səviyyədə mühüm açıqlamalar verilir. Ermənistan tərəfi də müxtəlif bəyanatlarla prosesə münasibət bildirir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında bildirib ki, sülh danışıqlarının irəliləməsində Azərbaycan Prezidentinin mövqeyi həlledici rol oynayıb:

“İlk açıq və konkret bəyanatı Cənab Prezident İlham Əliyev verdi. Qazaxıstanda o, açıq şəkildə bildirdi ki, artıq Ermənistana tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılır. Bu açıqlamadan sonra proses daha da intensivləşdi və Ermənistan tərəfi də öz növbəsində bir sıra bəyanatlar səsləndirməyə başladı.”

Deputat qeyd edib ki, baş nazir Nikol Paşinyanın son çıxışlarında da sülh prosesinə dair yumşalma müşahidə olunur:

“Paşinyan müharibənin baş verməməsi, insan tələfatının qarşısının alınması və sərhədlərlə bağlı məsələlərə toxundu. Bu, onu göstərir ki, tərəflər arasında sülhə doğru addımlar atılır.”

Ceyhun Məmmədov Avropa Siyasi Birliyinin sammitinə də toxunaraq bildirib ki, bu tədbir yalnız Ermənistana aid deyil:

“Cənab Prezident İlham Əliyev bu sammitlərdə dəfələrlə iştirak edib və sonuncu dəfə də ölkəmizin mövqeyini açıq şəkildə ifadə edib. Tədbirə həm Azərbaycan, həm də Türkiyə prezidentlərinin dəvət olunması planlaşdırılır. Hələlik rəsmi məktub daxil olmayıb, amma proseslər vəziyyətə uyğun olaraq koordinasiyalı şəkildə davam etdiriləcək.”

Deputat sonda vurğulayıb ki, Avropa Siyasi Birliyinin bu istiqamətdəki fəaliyyəti mühüm rol oynaya bilər, lakin sülhün əsas açarı tərəflərin iradəsindədir.


Sizin reklam burada
Sizin reklam burada