Zəngəzur dəhlizində ilkin addımlar

Zəngəzur dəhlizində ilkin addımlar
14:36

Bölgədə diqqətlə izlənilən Zəngəzur dəhlizi ilə bağlı vəziyyət yenidən gündəmə gəlib. Vaşinqtonda əldə olunmuş razılaşmaların icrası istiqamətində proseslər artıq start götürüb və bu, həm regionun nəqliyyat kommunikasiyaları, həm də strateji maraqlar baxımından önəmli addım sayılır.

Politoloq Oqtay Qasımovun News365.az-a açıqlamasına görə, artıq bu istiqamətdə ilkin proseslərə start verilib.


Onun sözlərinə görə, proses hələ istənilən səviyyədə olmasa da, ABŞ tərəfindən maliyyə məsələləri ilə bağlı ilkin razılıq əldə olunub:

“Amerika tərəfi ilə 145 milyon dollarlıq vəsaitin ayrılması barədə razılıq formalaşıb və bundan sonra layihələndirmə mərhələsinə keçilir. Bu, uzun çəkəcək proses deyil, çünki söhbət cəmi 42 kilometrdən gedir”.

Politoloq qeyd edib ki, vaxtilə həmin ərazilərdə mövcud olan dəmir yolu xətti Ermənistanın işğal siyasəti dövründə bağlanıb, daha sonra isə Ermənistan ərazisindəki hissəsi sökülərək satılıb.

Oqtay Qasımov Ermənistanın prosesi bilərəkdən uzatdığını qeyd edib:

“Paşinyan bildirib ki, texniki-iqtisadi qiymətləndirmə 2026-cı ilin ilk rübündə tamamlanacaq və tikinti işləri həmin ilin ikinci yarısında başlaya bilər. Bu, Ermənistanın prosesi zamana yaymaq cəhdidir”.

Politoloq həmçinin bu məsələdə böyük güclərin mövqeyinə də toxunub:

“Rusiya bölgədəki maraqlarını nəzərə alaraq prosesə sərt etiraz etmir, yalnız sərhədçilərin orada olması ilə bağlı qarantiyanın qorunmasını xatırladır. ABŞ isə əksinə, prosesin sürətlə irəliləməsində maraqlıdır. Vaşinqton razılaşmasından cəmi bir neçə həftə sonra ABŞ nümayəndə heyətinin İrəvana gəlişi də bunun göstəricisidir”.

Sonda Oqtay Qasımov bildirib ki, hazırda prosesin əsasən Ermənistanın mövqeyindən asılı olduğu görünür.


Sizin reklam burada
Sizin reklam burada