Britaniyanın baş naziri Keir Starmer deyib ki, Qərb Rusiya lideri Vladimir Putinin Ciddə danışıqlarından sonra ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs razılaşması ilə "oyun oynamağa" icazə verə bilməz. Bu barədə “Der Spiegel” yazır.
“Biz prezident Putinin prezident Trampın təklif etdiyi sövdələşmə ilə oyun oynamasına icazə verə bilmərik”, -Starmer mövcud siyasi-diplomatik durumdan gileylənib.
O, iddia edir ki, Rusiya vaxt udmağa çalışır. Britaniyanın baş naziri belə hesab edir ki, dünyaya söz yox, əməl lazımdır. Starmer həmçinin bir daha Kiyevin müttəfiqlərini Rusiyanı danışıqlara başlamağa məcbur etmək üçün Moskvaya təzyiqi artırmağa çağırıb.
Martın 13-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Ukraynada atəşkəs təklifi ilə razıdır. Lakin Kreml rəhbərinin fikrincə, hadisələrin belə nəticələnməsi yalnız uzunmüddətli sülhə gətirib çıxarmaq şərti ilə mümkündür. Rusiya lideri vurğulayıb ki, 30 günlük atəşkəs ideyası bir sıra nüansları nəzərə almalıdır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural