"Ermənistan Silahlı Qüvvələrinin sıralarında hələ də bəzi generallar və rəhbər şəxslər var ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana müxalif mövqedə dayanırlar. Biz bunu uzun aylar öncə də görmüşdük. Bildiyiniz kimi, keçmiş Müdafiə Nazirliyi sistemində nonsens sayılan bir hadisə baş vermişdi. Baş nazirin vəzifəsi ilə bağlı sənədə imza atmışdılar. Xatırlayırsınızsa, biz bunu studiyada və sonradan canlı bağlantılarda müxtəlif mütəxəssislərlə müzakirə etmişdik."
Hərbi ekspert Üzeyr Cəfərov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Bu gün də bunu istisna etmirəm, amma bu fasilələrlə atəş açmaq Ermənistan ordusuna nə verir? Onlar nəyə nail olacaqlar? Bizim mövqelərimizi ələ keçirəcəklər? Bu mümkün deyil! Bugünkü dövrdə həm Dövlət Sərhəd Xidmətində, həm də Azərbaycan Müdafiə Nazirliyində olan silah imkanları qarşısında bu tamamilə mənasız ritorikadır.
Bu gecə saat ikinin yarısından günorta saatlarına qədər fasilələrlə atəş açılıb. Ermənistan ordusunda tam bir başıpozuqluq hökm sürür, bunu heç kim inkar edə bilməz. Əgər yanvar-fevral aylarında Ermənistan ordusundakı statistikaya diqqət yetirsəniz, görərsiniz ki, nə qədər nizama salınmamış hadisələr baş verir.
Basarkeçər rayonunun Yuxarı Zağalı və ya Göyçə rayonunun Dırık yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərə gəlincə, onlar oradadır. Yəni yeni mövqelər və ya yeni atəş nöqtələri yoxdur. Eyni mövqelərdən zaman-zaman atəş açırlar, açırlar və açacaqlar."