"Sülh müqaviləsinin hər bir bəndinin ciddi müzakirəyə ehtiyacı var"- Fərəc Quliyev

"Sülh müqaviləsinin hər bir bəndinin ciddi müzakirəyə ehtiyacı var"- Fərəc Quliyev
11:04

"Əslində, sülh müqaviləsi bağlanır, hətta bağlansa belə, əgər onun hər bir bəndi ayrı-ayrılıqda təmin edilməsə və bütövlükdə müqavilənin icrası qarantiyaya alınmasa, sadəcə bir kağız parçasından başqa bir şeyə çevrilməz. Bundan qat-qat güclü BMT-nin dörd qətnaməsi var idi ki, bir çox dövlətlər onların altına imza atmışdı. Amma uzun müddət ərzində həmin qətnamələrə əməl edilmədi."

Millət Vəkili Fərəc Quliyev  bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Biz nə vaxt ki, özümüz ərazi bütövlüyümüzü təmin edəcəyimizi qətiyyətlə ortaya qoyduq və bunu reallaşdırdıq, o zaman vəziyyət dəyişdi. Həm də beynəlxalq hüquq çərçivəsində siyasi yolları nəzərə aldıq və nəticədə ərazilərimizi azad edə bildik. İşğalçı qüvvələr ərazilərimizi tərk etdi.

İndi isə sülh müqaviləsinin hər bir müddəası razılaşdırılmaq mərhələsindədir. Lakin razılaşdırılmaq hələ tam mənada qəbul olunmaq demək deyil, bu sadəcə bir prosesin istiqamətidir. Məsələn, son iki bəndlə bağlı – beynəlxalq təşkilatlardakı iddiaların və məhkəmə işlərinin geri çəkilməsi məsələsi asan məsələ deyil.

Bundan başqa, bizim təzminat davası məsələsi var. Çünki azərbaycanlılar qətlə yetirilib, ərazilərindən qovulub. İnsanların fərdi mülk iddiaları da var, bu isə dövlətin iddialarından əlavə bir məsələdir. Bu proses necə həll olunacaq? Həmçinin, soyqırım cinayətləri törədilib, bu cinayətlərlə bağlı işlər açılıb. Bu işlərin aqibəti necə olacaq?

Eyni zamanda, işğal dövründə bizim mədənlərimiz talan edilib, xarici şirkətlər burada iştirak edib. Biz həmin xarici şirkətlərə qarşı da iddialar qaldırmışıq. Burada yalnız işğalçı tərəflə bağlı məsələ deyil, həm də bu prosesdə iştirak edən xarici şirkətlər məsuliyyət daşıyır. Bu məsələlər necə həll ediləcək?

Yəni, sülh müqaviləsinin hər bir bəndinin ayrı-ayrılıqda ciddi müzakirəyə ehtiyacı var."



Sizin reklam burada
Sizin reklam burada