Sosial şəbəkədə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fəaliyyət göstərdiyi iddia olunan yanacaq doldurma məntəqəsi ilə bağlı paylaşım olunub.
News365.az DİA.az-a istinadən xəbər verir ki, "Lukoil" nişanı altında fəaliyyət göstərən yanacaq doldurma məntəqəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edildiyi iddia olunur. Paylaşımda qeyd edilir ki, sözügedən obyektin Mirzəyev Elman Əbülfəz oğluna məxsus olduğu bildirilən torpaq sahəsində tikildiyi və bunun qanunvericiliyə uyğunluğu ilə bağlı suallar yarandığı vurğulanır.
Paylaşım müəllifi obyektin qeyri-yaşayış təyinatlı çıxarışının olub-olmaması, hansı hüquqi əsaslarla fəaliyyət göstərməsi və aidiyyəti dövlət qurumlarının bu məsələyə münasibət bildirməsinin vacibliyini qeyd edib.
Araşdırmaları zamanı Mirzəyev Elman Əbülfəz oğlunun adı ilə əlaqələndirilən digər yanacaq doldurma məntəqələri barədə də məlumatlar əldə edib. Həmin obyektlərin bəzilərinin yaşayış və kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yerləşdiyi, eləcə də qanunvericiliklə tələb olunan bəzi sənədlərə malik olmadığı iddia edilir. Müəllif bildirib ki, bu məlumatların dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Paylaşımın sonunda qeyd olunur ki, növbəti araşdırma materiallarında əldə edilən sənədlər, faktlar, aidiyyəti dövlət qurumlarının və qarşı tərəfin mövqeyi ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, paylaşımda yer alan məlumatlar müəllifin iddialarıdır və rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Sözügedən məsələ ilə bağlı qarşı tərəfin və aidiyyəti dövlət qurumlarının mövqeyi məlum olduqda, onu da dərc etməyə hazırıq.