Sevgi nədir və harada başlayır?

Sevgi nədir və harada başlayır?
14:13
İnsan varlığının ən qədim suallarından biri budur:
sevgi nədir və harada başlayır? Bir qadının saçından öpülən nəvazişdədirmi, yoxsa aclığı kəsən bir tikə çörəyin müqəddəsliyindədirmi? Bu iki obraz bədən və çörək əslində iki böyük həqiqətin qapısını açır: sevgi həm maddənin içində doğulur, həm də mənanın içində tamamlanır. Psixologiya insanın daxilində iki əsas ehtiyac olduğunu deyir: 1. Bədən yaxınlığı ehtiyacı (intimlik, şübhəsizlik, sevildiyini hiss etmək). Yataqdan sonra qadının saçından öpmək oxşamaq deyil, sahib olmaq deyil. Bu psixikada təhlükəsizlik siqnalıdır. İnsan toxunduğu şeyi öpəndə “sən mənim üçün dəyərlisən” mesajını verir. Bu həm də psixoloji bütövlüyün simvoludur. Ona görə Fransız psixoloqu Jacques Lacan deyirdi: “Sevgi, sənin məndə olmayan şeyi mənə bəxş etməyindir.” Bir qadının saçı onun ruhunun yumşaqlığıdır. Bunu öpmək zəifliyini qəbul etmək, sevdiyin insanla birləşmək deməkdir. 2. Minnətdarlıq və qorunmaq ehtiyacı (doymaq, yaşamaq, güvən tapmaq). Ac adamın çörəyi öpməsi isə sevgi deyil, yalnız aclıqdan qurtuluş deyil bu insanın ən qədim minnətdarlıq instinktidir. Çörək öpmək şüuraltı olaraq “həyat mənimlədir” mesajıdır. Burda sevgi bir insana deyil, varlığa yönəlir. Bu iki ehtiyac yaxınlıq və minnətdarlıq birləşəndə psixoloji harmoniya yaranır. Bu harmoniya olduqda, insan sevginin həm yumşaqlığını, həm gücünü yaşayır. Fəlsəfədə “sevgi” haqqında ən qədim fikir Heraklitə aiddir: “Kainatı birləşdirən qüvvə ziddiyyətlərin harmoniyasıdır.” Sevgi də belədir. İki ziddiyyət olan: bədən maddənin ehtirası, çörək ruhun ehtiyacı bir yerdə nəzərdən keçiriləndə sevgi ortaya çıxır. Platon isə sevgini iki hissəyə bölürdü:
a) Eros — bədənə yönələn sevgi:
Bu saçdan öpüşün dilidir.
İnsanın gözəlliyə, toxunuşa, yaxınlığa meyli.
b) Agape — ruhu qidalandıran sevgi:
Bu, çörək öpüşün dilidir.
Fədakarlıq, minnətdarlıq, mərhəmət.
İnsan yalnız Erosla yaşayarsa, sevgi ehtirasa çevrilib ölər. Yalnız Agape ilə yaşayarsa, sevgi qurbanlığa çevrilib yorular. Sevgi bu iki qüvvənin elə bir nöqtəsidir ki, nə ehtiras insanı kor edir, nə fədakarlıq onu əzir. İslamda sevgi yalnız hiss deyil, həm də əməldir. Quranda “məhəbbət” sözü daha çox “rəhmət” və “mərhəmət”lə yanaşı keçir. Çünki sevgi insanı yalnız həyəcanlandırmır insanı yumşaldır. Peyğəmbər (s.a.s) buyurur: “İnsanlara mərhəmət etməyənə Allah mərhəmət etməz.” Burada sevgi həm qadının saçında, həm çörəyin müqəddəsliyindədir: Qadının saçını öpmək Allahın yaratdığı bir gözəlliyə hörmətdir. Çörəyi öpmək Allahın nemətinə şükrdür. İçində sevgi olan insan nə qadını alçaldar, nə çörəyi ayaq altında qoyar.
Tarix boyu böyük mədəniyyətlər sevgi üzərində qurulub. Çünki sevgi insanı dəyişdirən tək qüvvədir. Nizami Gəncəvinin “Leyli və Məcnun”u sevginin ahəngləndirici gücüdür. Məcnun qadının saçını öpməyən sevgidir, amma Leyli üçün dünyadan keçməsinə səbəb olan sevgidir. Bu Agape sevginin zirvəsidir. Füzulinin “Aşıq olduğu aləmi görməyən yanar” fikri sevginin insanın idrakını necə böyütdüyünü göstərir. Sufi düşüncəsi sevginin insanı “özündən çıxarıb” Allaha yaxınlaşdırdığını deyirdi. Orda bədən öpüşü də, çörək öpüşü də bir həqiqətə aparır: sevginin içində fani olmaq. Sevgi həm insanı yüksəldən, həm də yandıran od olub. Sevgi olmasaydı nə Mesopotamiya poemaları yaranardı, nə Yunan fəlsəfəsi dərinləşərdi, nə İslam irfanı inkişaf edərdi. Bu iki obrazın arasında gizli bir həqiqət var: İnsan həm bədəndir, həm ruhdur sevgi bu iki varlığın dialoqudur. Sevgi nə yatağın istiliyinə sığır, nə bir çörəyin müqəddəsliyinə. Sevgi bunların arasında doğulan bir haldır: insan qadının saçını öpəndə onu Tanrının yaratdığı bir incəlik kimi görürsə, insan çörəyi öpəndə həyatın içindəki neməti dərk edirsə, o zaman sevgi həm maddənin, həm mənanın tərcüməsi olur. Sevgi bir toxunuşun mənasıdır. Sevgi bir tikənin dəyəridir.
Sevgi insanın dəyəri tanıya bilməsidir. Ən güclü həqiqət isə budur: Sevgi bədəni qidalandıran ehtirasla ruhu qidalandıran minnətdarlığın birləşdiyi nöqtədə yaranan ilahi enerjidir. Bu enerji insanı dəyişdirir, böyüdür, yetkinləşdirir, hətta bəzən yandırır. Amma onu yaşayan insan bir daha əvvəlki kimi olmur.
Həsən Nağıyev

Sizin reklam burada
Sizin reklam burada