"ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyətini yenidən nəzərdən keçirməlidir"- TƏHLİL

"ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyətini yenidən nəzərdən keçirməlidir"- TƏHLİL
24 Dek 2024 09:10

ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycanda həbsdə olan bir qrup şəxsin taleyinə maraq göstərməsi, onun qəbul edildiyi ölkənin daxili işlərinə müdaxilə etmək niyyətini nümayiş etdirir. Lakin bu yanaşma beynəlxalq hüququn prinsiplərinə və dövlətlərin daxili işlərinə qarışmama prinsipinə ziddir.

Əgər eyni yanaşmanı Azərbaycandan ABŞ-a tətbiq etsək, deyə bilərik ki, Azərbaycan, ABŞ-ın onilliklər boyu müxtəlif regionlarda həyata keçirdiyi siyasət nəticəsində milyonlarla insanın həyatının məhv edilməsindən, iqtisadi təzyiqlər vasitəsilə xalqların sərvətlərinin talan edilməsindən və müstəqil ölkələrin gələcəyinin təhlükə altına atılmasından dərin narahatdır.

ABŞ-ın Azərbaycandakı səfirliyinin bu məsələyə yanaşması və verdiyi açıqlamalar diplomatik missiyanın funksiyalarına uyğun deyil. Hər bir dövlətin öz daxili problemlərini həll etmək hüququ suverenlik prinsipi ilə qorunur və bu prosesə xarici müdaxilə yalnız mövcud problemləri daha da dərinləşdirə bilər. Azərbaycan cəmiyyəti, öz spesifik tarixi, mədəni və sosial reallıqlarını nəzərə alaraq, bu məsələləri müstəqil şəkildə həll etmək qabiliyyətinə malikdir.

Diplomatik missiyalar beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməli, digər dövlətlərin daxili işlərinə qarışmamalı və ikitərəfli münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməlidir. ABŞ-ın Azərbaycandakı səfirliyi, hər iki dövlət arasında münasibətlərin inkişafına töhfə vermək əvəzinə, bu cür bəyanatlarla gərginlik yaradaraq diplomatik etika qaydalarını pozur.

Azərbaycanın mövqeyi aydındır: hər bir xalqın öz daxili problemlərini müstəqil həll etmək hüququna hörmət edilməli, ikili standartlardan imtina olunmalı və dövlətlərarası münasibətlərdə ədalətli yanaşma tətbiq edilməlidir. Bu prinsiplərə əməl olunmadıqca, qarşılıqlı etimad və sağlam əməkdaşlıq mümkün deyil. ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyətini bu prinsiplər çərçivəsində yenidən nəzərdən keçirməlidir.

Aqil Məmmədov, ekspert


Youtube kanalımız