Ukraynanın BMT-dəki yeni daimi nümayəndəsi Andrey Melnik diqqət çəkən açıqlamalar verib. Berliner Morgenpost-un yaydığı məlumata görə, o bildirib ki, Kiyev NATO ilə bağlı olmayan təhlükəsizlik zəmanətləri ilə razıdır.
Diplomatın sözlərinə görə, Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdə qalır.
“Təhlükəsizlik təminatı məsələsi bizim üçün müvəqqəti həll yolu kimi mərkəzi əhəmiyyət kəsb edir. Lakin bu, 1994-cü il Budapeşt Memorandumu kimi sırf siyasi vədlərdən kənara çıxmalıdır”, - Melnik qeyd edib.
O əlavə edib ki, bu cür müvəqqəti razılaşmalar Rusiya ilə mümkün sülh müqaviləsinin bir hissəsi ola bilər. Melnik Almaniya və digər Aİ ölkələrinin Ukraynaya hərbi yardımı artırmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.