Həyatı da, taleyi də yaradıcılığı da digərlərindən fərqlənən Nüsrət Kəsəmənlinin demək olar ki, bütün şeirləri dillər əzbəridir. Yüzlərlə nəğmə onun sözləri ilə məşhur olub. İnsan həyatına xas bütün həssas hissləri, nəcib duyğuları bulaq suyu kimi şəffaf, dağ havası kimi saf poeziyaya çevirən şair hələ şeirləri ilə tanış olmadığım uşaqlıq çağımdan ailəmizin bir üzvü, doğma bir insan kimi yaddaşımda qalıb. Atam Sadiq Qara da şair olduğundan onunla gənclikdən, hətta Ağstafada
qəzetdə işləyəndən dostluq münasibətləri olub. Sonralar özü demişkən tale hərəsini sapand daşı kimi bir diyara atıb, Nüsrət müəllim Bakıya, atam isə fərqli rayonlara təyinat alıb üz tutublar. Həmişə ailəmizdə atam onunla bağlı xoş, bir qədər də kədərli xatirələrini danışar, ondan bizə bəhs edəndə "Nüsrət əmin" deyərdi. O qədər doğmalıqla, o qədər istiqanlı danışardı ki, həqiqətən Nüsrət Kəsəmənlini doğma əmimiz hesab edirdik. Atam onun şairliyi ilə yanaşı çox cəsur, vüqarlı, alicənab, həddən artıq vətənpərvər, böyük ürəkli insan olduğunu misal çəkərdi. Atam Qax rayonunda Xalq Nəzarəti Komitəsinin sədri işlədiyi vaxtlarda dəfələrlə qonağımız olub, xatirələr, məktublar, fotolar, avtoqraflı kitabları hələ də qalır, albomlarımızı bəzəyir...
Atam danışdıqca ideal və doğma insan kimi, şeirlərini oxuduqda isə Nüsrət Kəsəmənlini şair kimi daha çox sevdim. Məni şeir yazmağa o sövq etdi, ədəbiyyata məhəbbətə məhz onun şeirləri gətirdi.
Onun şeirlərini təkcə oxumurdum, yaşayırdım. Şeirdəki obraza çevrilib o taleyi yaşamış kimi hiss edirdim özümü. Nüsrət Kəsəmənlinin şeirlərini davamlı olaraq hər dəfə yeni şeir kimi oxuyum deyə dəfələrlə oxuyurdum, ancaq əzbərləməyə çalışmırdım ki, yeni şeir kimi hər dəfə təzə həsrətlə təkrar oxuyum. Çünki əzbər bildiyin şeiri təzədən kitabdan oxumaq bir cür gəlir adama.
Nüsrət Kəsəmənli könül, ruh şairidir. Onun sözləri qədər təbii, səmimi şeir ola bilməz. Elin dilində, elin ruhunda yazırdı. Özü də şeirləri də təbii, səmimi olduğu üçün bu qədər sevilib seçildi. Onun hər şeiri şeirdən çox böyükdür. Hər şeirdə tərənnüm etdiyi mənanı açsan bir kitablıq təfsir, izah yaranar. Hər şeirində bir dünya tərənnüm olunur, bir tale göz önünə gəlir, bir həyat yolu serial kimi ötüb keçir...
Onun şeirlərinə yazılan mahnıları məhz sözlərinə görə dinləmişəm həmişə. Dəsti - xəttinə elə bələdəm ki, oxunan mahnıda onun sözlərini dərhal tanıyıram.
İnsanın dilə gətirməkdə, söz tapıb ifadə etməkdə aciz olduğu ülvi hissləri, nəcib, kövrək, həssas duyğuları xüsusi istedad və məharətlə şeirdə elə düzüb, elə dilə gətirib ki, oxuyanda, eşidəndə adamın varlığı riqqətə gəlir.
Nüsrət Kəsəmənli təkcə dahi şair yox, dahi insan idi. Hər şeyin əlasını və alisini seçib ona nail olmağı məqsəd qoyan sənətkar kimi çəkildiyi bir filmdə oynadığı obrazı ilə də istənilən sahədə nailiyyət qazanmağa layiq olduğunu çoxdan sübut etmişdi. Nüsrət Kəsəmənli əgər hərbiçi olmağı seçsə idi mütləq milli qəhrəman olardı. Alim olmağı seçsə idi mütləq akademik olardı. İdmanı seçsə idi dünya çempionu olardı. Çünki həm fitri istedadı, həm əzablı həyat yolları həm də zəngin daxili aləmi onu kamil insan kimi mükəməlləşdirmişdi. Hamının ifadə etməyi arzu edib bacarmadığını o ifadə edə bilirdi, özü də ən ali, ən doğru şəkildə.
Xalq hərəkatının müstəqillik mücadiləsi apardığı dövrlərdə mitinqlərdə, ictimai tədbirlərdə öndə olan simalardan biri kimi sonralar heç bir təmənna ummadı, vəzifə güdmədi, ad, titul naminə kürsüyə - mənsəbə niyyətlənmədi. Adının dillərdə, şeirlərinin könüllərdə, sözlərinin nəğmələrdə qanadlanması onun üçün ən ali mükafat oldu. Vətənə minnətsiz məhəbbət bəslədi, mərd oğul anasını sevdiyi kimi..
Onun haqqında dəfələrlə yazmağa cəhd etsəm də duyğularımı mükəmməl şəkildə ifadə edə bilməmək, bəlkə nəyisə əskik, naqis qeyd etmək qorxusu ilə cəsarət etməmişdim. Ancaq dəfələrlə yuxumda gördüm şairi. Hətta bir dəfə yanmış bir həyət evinin uçuq divarları yanında üzümə gülümsədiyini gördüm, ruhani aləmdə doğmalıqla mənəvi isti nəvazişini hiss etdim. Gedib məzarını ziyarət elədim, dualar oxudum və ürəkləndim..
Baxacağam yurdumun dan üzünə,
Tarixində quruyan qan izinə,
Gözüm dönər bir tufan dənizinə,
Qapamayın gözlərimi amandır.
Ulduzlara qoşularaq hər gecə,
Dönəcəkdir göy üzündə nərgizə,
Ana yurdum gözəlliyə sərgisə -
Qapamayın gözlərimi amandır..
Bu şeirində Vətənə olan sevgisinin ölümü ilə də son bulmayacağını dilə gətirib hətta gözlərinin qapanmamasını arzu edirdi ölməz məhəbbət şairi.
Yerdə nə gördün ki, boylandın göyə,
Üşüyən baxışlar gərək yaş geyə,
Ana məzarını görməyim deyə
Niyə kor olmadın gözlərim, niyə?
-deyərək ana həsrətindən doğan ürək yanğısını özünə qarğışla dilə gətirirdi.
Taleyin verdiyi dərdi - kədəri istedadına qatıb qatar - qatar sözə çevirən şair bəzən isə qüssə dumanından ata nəvazişi, ana qayğısı ilə belə xilas olmağa çalışırdı:
Gəlmişəm dünyaya alışam, yanam,
Bir ünvan arayıb əbədi qalam,
Məni kədər üçün doğmayıb anam,
Alın bu kədərin əlindən məni.
Hicran ağır yükdür qaldırammıram,
Dərdim dil bilməyir, qandırammıram,
Sönmüş çıraqları yandırammıram,
Alın bu kədərin əlindən məni.
Bir ümid yoxdur ki, onəlli tutam,
Yuxum da gəlmir ki, gecələr yatam,
Hardasan ay anam, hardasan atam! -
Alın bu kədərin əlindən məni..
Sevinci kədərlə, həsrəti vüsalla yoğuran şair "Biri vardı, biri yox" şeirində isə demək olar ki, öz həyatının xəritəsini çəkib.
Onun haqqında nə qədər xoş sözlər, əhatəli fikirlər söyləsək yenə də azdır. Çünki duyğu şairini, ilahidən ilham alan şairi ifadə etmək üçün ən azı onu qədər istedada sahib olmalısan.
Haq şairimizin, ruh şairimizin əziz xatirəsinə sonsuz sayğılarımı ifadə edirəm. Ruhu şad olsun!
Tural İrfan, AYB-nin üzvü