Ermənistanın paytaxtı İrəvana yerinə yetirilən bir neçə reys duman və görmə məsafəsinin zəif olması səbəbindən başqa hava limanlarına yönəldilib.
Bu barədə “Sputnik-Ermənistan”a "Zvartnots" hava limanının mətbuat katibi Lusine Moqrovyan bildirib.
Xüsusilə, Tümendən gələn təyyarə (“Utair”) Mineralnıye Vodıda, Nijni Novqorod reysini (“Red Wings”) yerinə yetirən təyyarə isə Tbilisidə eniş edib.
“Armenian Airlines”ın təyyarəsi bir neçə dövrə vurduqdan sonra Gümrüdə eniş edib.
Bundan başqa, havanın yaxşılaşmasını gözləyən Şarm əl-Şeyx (“Air Cairo”), Larnaka (“Wizzair”), Əbu-Dabi (“Wizzair”) , Dubay (“Fly Dubai”) və Şarjadan (“Air Arabia”) gələn reyslər İrəvan səmasında dövrə vurmağa davam edir.
“Flyone” aviaşirkətinin Moskva-İrəvan reysi duman səbəbindən Tbilisidə eniş edib.
Aviaşirkət bu məlumatı “Sputnik-Ermənistan”a təsdiqləyib.
“Flightradar24”ün məlumatına görə, təyyarə İrəvana çatsa da, hava şəraiti səbəbindən eniş etməyərək Gürcüstana uçub.
Təyyarənin İrəvana nə vaxt uçacağı barədə hələlik məlumat yoxdur.