"Azərlotereya" ASC Qarabağın dirçəldilməsi naminə keçirilən sosial və mədəni layihələrə dəstəyini davam etdirir.
34 ildən sonra ilk dəfə Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Qış nağılı" bayram yarmarkası təşkil edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Zəfər meydanında keçirilən yarmarkada sponsorlordan biri də “Azərlotereya”dır. Məqsəd Qarabağda sosial və iqtisadi canlanmaya töhfə vermək, həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinə diqqət çəkməkdir.
Yarmarkada yerli istehsalçıların təqdim etdiyi müxtəlif məhsullar, bayrama uyğun dekorasiyalar və xüsusi konsert proqramı ziyarətçilərə bayram təəssüratı bəxş edib.
Yarmarka Xankəndi sakinləri və şəhəri ziyarət edənlər üçün həmrəylik, birlik və sevinc simvoluna çevrilib. "Qış nağılı" yarmarkası yanvarın 4-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Azərlotereya” hər zaman Qarabağın inkişafına dair həyata keçirilən işlərə böyük töhfə verir. “Hər şey Qarabağ üçün” layihəsi çərçivəsində tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilir. Bundan əlavə, “Azərlotereya” işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün xüsusi itlərin alınmasına dəstək göstərib.
Həmçinin “Azərlotereya”nın 2022-ci ildən həyata keçirdiyi “Əmanətə Sədaqət” layihəsi indiyədək 150 şəhid əmanətini əhatə edir. Layihə əsasında Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.
“Azərlotereya” bundan sonra da hər zaman Qarabağın bərpasına dəstək istiqamətində səylərini davam etdirəcək.