"Bakı-Balakən-Bakı qatarının yenidən fəaliyyətə başlaması mühüm hadisədir"- Millət vəkili

"Bakı-Balakən-Bakı qatarının yenidən fəaliyyətə başlaması mühüm hadisədir"- Millət vəkili
29 Dek 2024 12:39

Xəbər verdiyimiz kimi yanvarın 3-dən etibarən Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyəti yenidən bərpa olunur. 4 illik zaman fasiləsindən sonra belə bir qərarın verilməsi çoxlarımız üçün əsl bayram hədiyyəsidir.

Nəzərə alaq ki, sərnişin qatarı əsasən gecə saatlarında işləyəcək. Ona görə də qatardakı vaqonlar əsasən yataq tiplidir. Bu da gecə səyahəti bir sıra üstünlüklər yaradır. İlk növbədə vaxta qənaət olunur. Gecə yol getməklə gündüz saatlarından daha səmərəli istifadə etməyə imkan verir. Sərnişin gündüz saatlarında planlaşdırdığı işləri görüb, axşam yenidən rahatlıqla evinə dönə bilir. Beləcə, sərnişin əlavə vaxt itkisinə məruz qalmır. Üstəlik, vaqonlarda komfort və rahatlıq var. Sərnişinlər  oturaq tipli vaqonlardan fərqli olaraq, yataq tipli vaqonların çarpayılarında rahat şəkildə yatmaq olur.

Bu qatarın fəaliyyətə başlaması bölgədə turizmin inkişafına əlavə stimul yaradacaq. Məlum olduğu kimi bu vaxtadək turustlər əsasən Qəbələyə üz tuturdular. Bu da həm yolun qısalığı, həm də nəqliyyatın əlçatanlığı ilə bağlı idi. Amma Bakı-Balakən-Bakı marşrutunun bərpası Balakən, Zaqatala, Qax və Şəki rayonlarına turist axınına imkan yaradacaq.

Məlumdur ki, dəmir yollarında rentabelli və gəlirli sahə məhz yükdaşımalardır. Bununla belə, ADY rəhbərliyi vətəndaşlara xidmət keyfiyyətinin, müştəri məmnuniyyətinin artırılmasına, daxili resursları hesabına bölgə sakinləri üçün nəqliyyat xidmətlərinin əlçatan olmasına çalışır. Bu qatarın fəaliyyətə başlaması əslində nəqliyyat vasitələri ilə sərnişindaşıma sahəsində rəqabət yaratmır, əksinə, bölgədə nəqliyyatın mobilliyinin təmin edilməsinə töhfə verir. İndiki halda xüsusilə də sərhədyanı yaşayış məntəqələrinin, paytaxtdan uzaq məsafədə yerləşən bölgələrin sakinlərinin buna ehtiyacı var.

Məsələ ilə bağlı News365.az-a danışan Millət vəkili Arzuxan Əlizadə deyib ki, Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyyətinin bərpa olunması regionların inkişafına dair dövlət proqramına öz töhfəsini verəcək:

“Balakən rayonu ölkəmizin ən ucqar bölgələrindən biridir.Bu rayona dəmir yolu ilə sərnişin daşınmasına başlanılması Balakənlə yanaşı Zaqatala, Qax, Şəki və digər bölgələrin sakinləri üçün əlamətdar bir hadisədir. Üstəlik, bu zona turistik bölgələrimizdəndir. Ona görə də bu zonaya dəmir yolu ilə sərnişin daşınması həm də turizmin inkişafına böyük kömək edəcək. Artıq insanlar təkcə avtomobil və avtobusla deyil, həm də qatarla bu bölgəyə səfərə edə biləcəklər. Bu həm də bölgə əhalisinin paytaxtla əlaqələrini intensivləşdirəcək.Ona görə də bu hadisə təqdir olunmalıdır”.

Müsahibimiz xatırladıb ki, bu bölgəyə təyyarə ilə də səfər etmək mümkün idi:

“Lakin qiymət uyğunsuzluğu bu layihəni hələki gündəmdən çıxarıb. Avtobus və fərdi avtomobillə də bu bölgəyə getmək xeyli vəsait tələb edir. Amma 17-18 manata komfortlu şəraitdə 500 kilometr yol qət etmək əladır. Hesab edirəm ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin biləvasitə göstərişləri ilə reallaşır. Bu da bölgəlrin inkişafının dövlətimiz üçün nə qədər prioritet olduğunu göstərir.İnanıram ki, Bakı-Balakən-Bakı qatarının yenidən fəaliyyətə başlaması hər birimiz üçün əlamətdir. Və bəlkə də ən gözəl bayram hədiyyəsidir”.

News365.az


Youtube kanalımız