Xorvatiyada bu gün yerli vaxtla səhər saat 7-də prezident seçkiləri üçün səsvermə başlayıb.
Ölkə üzrə 3,7 milyondan çox seçici səsvermə üçün qeydiyyata alınıb.
Son sorğulara görə qeydiyyata alınmış səkkiz namizəd arasından hazırkı prezident Zoran Milanoviç və hakim Xorvatiya Demokratik İttifaqının dəstəklədiyi müstəqil namizəd Draqan Primorak müvafiq olaraq birinci və ikinci yerdə qərarlaşıb.
Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatına görə, bu il seçicilər təkcə öz ölkələrində deyil, həm də xaricdə, 38 ölkədə 105 seçki məntəqəsində səs verə bilərlər.
Qeyd edək ki, Xorvatiya prezidenti majoritar səsvermə sistemi əsasında beş il müddətinə seçilir. Namizədlərdən heç biri tam səs çoxluğu qazanmasa, ilk iki yeri tutan namizəd arasında iki həftə sonra səsvermənin ikinci turu keçiriləcək.