Şahin Mustafayevin Ermənistan səfəri: PƏRDƏARXASI MƏQAMLAR

Şahin Mustafayevin Ermənistan səfəri: PƏRDƏARXASI MƏQAMLAR
10:07

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev-in rəhbərliyi ilə nümayəndə heyəti Ermənistana səfər edib. Mövcud geosiyasi şəraitdə baş tutan bu səfər xüsusi diqqət çəkir və münaqişə tarixi baxımından Azərbaycandan Ermənistana həyata keçirilən ən yüksək səviyyəli səfərlərdən biri hesab olunur.

Səfərin rəsmi məqsədi açıqlanmasa da, Şahin Mustafayevin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına rəhbərlik etməsi bu istiqamətin əsas gündəm mövzusu olduğunu ehtimal etməyə əsas verir.

Məsələ ilə bağlı politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl iki ölkə arasında delimitasiya prosesinin yaxın gələcəkdə davam etdiriləcəyini açıqlayıb.


Ekspert qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi davam edir. Bu proses sülh danışıqları ilə paralel aparılsa da, eyni tempdə irəliləmir. Bunun əsas səbəbləri kimi sərhəd xəttinin mürəkkəb relyefi və tərəflər arasında bəzi mübahisəli məsələlərin qalması göstərilir.

Bununla belə, politoloq vurğulayıb ki, müsbət məqam tərəflərin prosesi dondurmaması və həlli mümkün məsələlərə fokuslanmasıdır. Onun sözlərinə görə, proses nisbətən ləng getsə də, davamlılığın təmin olunması prioritet olaraq qalır.

Turan Rzayev əlavə edib ki, Paşinyanın açıqlamalarında diqqət çəkən məqamlardan biri də delimitasiya gündəliyinə Gürcüstanla bağlı məsələlərin daxil edilməsidir. Baş nazirin sözlərinə görə, bu istiqamətdə gürcü tərəfi ilə razılaşma mövcuddur.

Ekspertin fikrincə, bu detal regionda sərhədlərin yalnız ikitərəfli deyil, daha geniş kontekstdə – o cümlədən Gürcüstanla əlaqəli şəkildə tənzimləndiyini göstərir. Belə ki, bəzi nöqtələrdə Azərbaycan–Ermənistan sərhədi dolayısı ilə Gürcüstan sərhədi ilə kəsişir və bu da texniki koordinasiyanı zəruri edir.

Politoloq qeyd edib ki, əgər delimitasiya paralel şəkildə həm Azərbaycan–Ermənistan, həm də Ermənistan–Gürcüstan xəttində aparılırsa, bu, regionda sərhədlərin ümumi şəkildə yenidən dəqiqləşdirilməsi prosesindən xəbər verir.

Bundan əlavə, Ermənistan mediasında Gürcüstan sərhədinə yaxın ərazilərdə yerləşən bəzi yaşayış məntəqələrinin, o cümlədən Cilizə kəndinin demarkasiya prosesi çərçivəsində köçürülməsi ilə bağlı iddiaların yayıldığı bildirilir.


Sizin reklam burada
Sizin reklam burada