Artıq neçə
illərdir ki bütün dövlət qurumları E-hökümət proqramına qoşulub. Və bütün
yazışmalar bu platforma üzərindən aparılır.
Bəs bu
proqrama qoşulmayan dövlət quruma varmı?
Məsələ ilə
bağlı danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, məhkəmələrdəki icra şöbələrinə
hələ də elektron qaydada müraciət etmək mümkün deyil:
“Səbəb də bəsitdir.
Elektron Məhkəmə Sistemində müraciətin iki forması var: iddia və şikayət.
İddianı hər kəsə (icra şöbələrindən başqa) qarşı irəli sürmək olar. Şikayət isə
yalnız məhkəmə aktlarından verilə bilər. Qanunvericiliyə görə isə icra şöbələrinin
icra işləri (məsələn, məhkəmənin icra vərəqəsinin icrası) üzrə hərəkətləri (hərəkətsizliyi)
və qərarlarından yalnız şikayət verilə bilər. Buna görə də Elektron Məhkəmə
Sistemi ilə mümkün deyil: orada texniki olaraq bu nəzərdə tutulmayıb. Sadəcə
unudulub! Elektron Məhkəmə Sisteminin əvvəlki (bu ilin Novruz bayramınadək)
versiyasında da belə idi, guya təkmilləşdirilmiş, amma indiyədək tam işlək
olmayan (işlər üzrə bildirişlər hələ də istifadəçilərə, o cümlədən vəkillərə gəlmir
və hamı əziyyət çəkir) yeni versiyasında da belədir. Bax, yenə sual verirəm: bu
yeni və bərbad versiya onda nəyə lazım idi axı, əgər əvvəlki elementar problemlər
həllini tapmayıbsa? Əvvəlki versiya daha bərbad formada və sadəcə yeni dizaynda
istifadəyə verilib! Yeni versiyaya bu qədər pul dizayna görə xərclənib?
Bu gün
Sabunçu və Qax rayon icra şöbələrinin qərarlarından şikayətlər göndərmişəm dədə-baba
üsulu (kağız formada) ilə. Hər ehtimala qarşı Məhkəmə-Hüquq Şurasının qaynar xətti
ilə əlaqə saxlayıb bir daha dəqiqləşdirdim ki, elektron qaydada verə bilərəm,
ya yox, cavab verdilər ki, yox...”
News365.az