“Minimum
saatlıq əməkhaqqının tətbiqi məsələsinə dair suallar çoxdur. Əvvəlcə bir məsələni
açıq deyim ki, bu, maaş artımı deyil. Bunu kim belə təqdim edirsə, doğru etmir.
Yox, əgər kimsə də maaşınız azalacaq deyirsə, o da doğru demir.
Minimum əməkhaqqı
350-dən 400 manata qalxıb və mövzu bir müddətlik bağlanıb. Amma indi sadəcə
"aylıq yox, saatlıq da hesablayaq" söhbəti gedir”.
Bunu News365.az-a
söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, bildirib ki, saatlıq
sistem ortaya təsadüfən çıxmayıb:
“Çünki
iqtisadiyyat dəyişir. Artıq adamlar təkcə səhər saat 9-dan 6-a qədər işləyən
"ştatlı" işçi deyil. Kimisi “freelance” işləyir, kimisi mövsümi.
Kimisi evdən çalışır, kimisi həftədə 2-3 gün. Aylıq maaş sistemi isə bu
reallığı ədalətli tənzimləmək gücündə deyil. Başqa sözlə bu dəyişiklik əmək
bazarının yeni reallıqlarına uyğunlaşdırılmış hüquqi çərçivə yaratmaq üçündür.
Əgər əvvəllər maaş yalnız aylıq sistemlə hesablanırdısa, indi həm aylıq, həm də
saatlıq yanaşma paralel şəkildə tətbiq olunacaq.
Əslində
bununla dünyada olmayan nəsə kəşf edilmir. Dünyada yalnız saatlıq əməkhaqqı tətbiq
olunan ölkələr də var, bunu qarışıq tətbiq edənlər də. Hətta bəzi ölkələrdə həftəlik
minimum əməkhaqqı sistemi də var. Böyük ehtimal ki Azərbaycan sahədən və
xaraktrindən asılı olaraq bəzi istiqamətlərdə saatlıq, bəzi istiqamətlərdə isə
aylıq olmaqla qarışıq model olacaq.
Odur ki, bu
yeni sistem əsasən qısamüddətli əmək müqaviləsi ilə çalışanlara, həftəlik iş
vaxtı normasının yarısından az işləyənlərə, mövsümi işlərdə olanlara,
qeyri-daimi əmək fəaliyyətləri ilə məşğul olan şəxslərə və s. şamil ediləcək”.
Bəs effect?
Effekt həmişə müsbət olacaqmı?
Müsahibimizin
suala cavabı birmənalı oldu:
“Əlbəttə
xeyr! Bu proses doğru icra edilməzsə müsbət tərəflərilə yanaşı mənfi tərəfləri
də ola bilər. Bunun ilk öncə müsbət tərəfi işçinin nə qədər işlədiyinə uyğun ədalətli
əməkhaqqı sistemi formalaşdırması olacaq. Mövsümi və hissə-müddətli işlərdə əmək
müqavilələrinin rəsmiləşməsi asanlaşacaq. İşəgötürənlər üçün elastik işçi idarəetmə
imkanı yaranacaq. Tam doğru tətbiq edilərsə, qeyri-formal məşğulloğu azalda və əmək
münasibətlərində şəffaflıq və vergi daxilolmalarında artım yarada bilər.
Mənfi tərəflərinə
gəldikdə isə mikro və kiçik sahibkarlar üçün əlavə uçot və hesabat yükü
yaradacaq. Sistemə nəzarət mexanizmi zəif olarsa, o zaman bəzi işəgötürənlər
istismara yol aça bilər. Bəzi hallarda işçilərə “aylıq yox, çağıranda gəl,
saatına verərik” deyərək qeyri-sabit iş şəraiti təklif oluna bilər.
Odur ki,
yeni sistemin tanıdılması və başa salınması üçün uzun müddət ictimai maarifləndirmə
lazımdır. Əks halda ilk dövrlərdə qarışıqlıq və qeyri-şəffaflığa meyllər arta
bilər.
Bu dəyişiklik əmək bazarının real vəziyyətini hüquqi sistemə uyğunlaşdırmaq üçün vacibdir. Məqsəd isə kiminsə qazanməsı və ya itirməsi deyil, sistemin adaptasiyası və çevikliyinin artmasıdır. Amma əsas odur ki, bu keçid düzgün icra olunsun, nəzarət və maarifləndirmə zəif olmasın”.
News365.az