Bakıda həbsdə olan keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Azərbaycana gəlmək istəyir.
News365.az erməni mediasına istinadla bildirir ki, o, bu təşəbbüs çərçivəsində beynəlxalq qadın humanitar nümayəndə heyətinin Bakıya səfərini təşkil etmək niyyətindədir.
Veronika Zonabend geniş açıqlamasında deyib ki, Vardanyan üç ildən çoxdur ailəsini və yaxınlarını görə bilmir. Onun sözlərinə görə, bu müddətdə Rubenin nəvələri dünyaya gəlib. O, həmçinin həbsdə olan digər 18 erməni qatili də xatırladıb. Vardanyanın həyat yoldaşı beynəlxalq ictimaiyyətn laqeydliyindən gileylənib. Sanki əri dissidentdir. O, cinayətkar və qanunsuz, heç bir ölkənin müstəqilliyini qəbul etmədiyi rejimə rəhbərlik edənlərdən biri olub. Amma arvadı Rubendən az qala qəhrəman obrazı düzəltməyə çalışır.
Qeyd edək ki, Ermənistanın insan haqları müdafiəçisi bu məsələnin onların səlahiyyətlərinə aid olmadığını bildirib. “Mən Azərbaycan Ombudsmanı xanım Səbinə Əliyevaya və onun ofisinə müraciət edərək, həmin nümayəndə heyətinin Bakıya səfərini, rəsmi görüşü, Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbusların ziyarətini və qanunla icazə verilən qaydada ailələrindən bağlamaların, fotoşəkillərin, məktubların və şəxsi əşyaların rəsmi şəkildə ötürülməsini dəstəkləmələrini xahiş edirəm”, - müraciətin sonunda Vardanyanın həyat yoldaşı çağırış edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il azadlıqdan məhrum edilib. Məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Onu da deyək ki, Vardanyan 2022-ci ilin oktyabr ayında Rusiya təcavüzünü maliyyələşdirməkdə və Donbasdakı separatçı qrupları dəstəkləməkdə şübhəli bilinərək “Myrotvorets” məlumat bazasına əlavə edilib və Ukrayna sanksiyaları altına düşüb.