Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos iyulun 5-də Ermənistana səfər edəcəyini açıqlayıb.
News365.az xəbər verir ki, Kos bu barədə sosial şəbəkədəki X hesabında paylaşım edib.
Marta Kos bildirib ki, Rusiya Ermənistana təzyiqləri artırmaqda davam edir və ölkəni erməni xalqının son seçkilərdə etdiyi demokratik seçimdən uzaqlaşdırmağa çalışır.
Aİ rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçirib. Onun sözlərinə görə, iyunun 15-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən müzakirələr zamanı Ermənistanın necə dəstəklənə biləcəyi və Aİ-nin həmrəyliyinin hansı formada davam etdiriləcəyi məsələləri nəzərdən keçirilib.
Kos vurğulayıb ki, Avropa İttifaqı Ermənistana maliyyə dəstəyi göstərəcək, eyni zamanda ölkənin qonşuları və Avropa ilə ticarət əlaqələrinin genişlənməsinə yardım edəcək.
“Biz Ermənistana maliyyə dəstəyi verəcəyik və onun qonşu ölkələr, eləcə də Avropa ilə ticarətini asanlaşdıracağıq. Konkret addımları irəli aparmaq üçün iyulun 5-də İrəvana səfər edəcəyəm”, – deyə Aİ komissarı bildirib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hazırda Lüksemburq şəhərində keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir.
Xatırladaq ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya bir sıra Ermənistan məhsullarının idxalına qadağalar və məhdudiyyətlər tətbiq edib. Həmin məhdudiyyətlərin böyük hissəsi hələ də qüvvədə qalır.