Rusiyanın yeni bir nömrəli düşməni meydana çıxıb - "Reuters"

Rusiyanın yeni bir nömrəli düşməni meydana çıxıb - "Reuters"
16:55

Rusiya və ABŞ-nin münasibətlərini get-gedə yaxşılaşdırdığına görə, Vaşinqton artıq Moskva üçün bir nömrəli düşmən olmaqdan çıxıb. İndi bu yeri Böyük Britaniya tutur. Bu barədə "Reuters" yazıb.


Qeyd olunub ki, Rusiya casusluqda ittiham olunan iki Britaniya diplomatını ölkədən çıxarıb. Rusiya Xarici Kəşfiyyat Xidməti isə Britaniyanı “müharibələrin alovlandırıcısı" adlandırıb.


"Keçən əsrin hər iki dünya müharibəsi ərəfəsində olduğu kimi, bu gün də London əsas qlobal "müharibə alovlandırıcısı" kimi çıxış edir. Onları ifşa etməyin və "dumanlı Albion"a, onun elitasına aydın siqnal göndərməyin vaxtıdır: siz uğur qazana bilməyəcəksiniz", - qurumun bəyanatında deyilir.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp Rusiya ilə yaxınlaşmağa və Ukraynada sülhün bərqərar olmasında vasitəçi olmağa can atır. Agentlik hesab edir ki, Britaniya indi Rusiyanın bir nömrəli düşməni statusu alıb.

Kreml həmçinin Avropa İttifaqına, xüsusən də ölkənin nüvə arsenalı ilə bağlı bəyanatlarına görə Fransa prezidenti Emmanuel Makrona qarşı aqressiv ritorikasını gücləndirib.

Qeyd edək ki, Donald Trampın Ağ Evə qayıdışından sonra Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində bir sıra ddımlar atılıb. Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Danışıqlar təxminən 9,5 saat davam edib. Görüşdən sonra Vladimir Zelenskinin saytında tərəflərin birgə bəyanatı dərc edilib. Bəyanata əsasən Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır. Rəsmi Vaşinqton isə dərhal kəşfiyyat məlumatlarının mübadiləsində yaranmış fasiləni aradan qaldıracaq və Kiyevə yardımı bərpa edəcək.


Tural


Sizin reklam burada
Sizin reklam burada