Rəsulzadənin atasının və oğlunun məzarı – FOTO

Rəsulzadənin atasının və oğlunun məzarı – FOTO
12:51

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin atası Axund Hacı Molla Ələkbər Rəsulzadə və oğlu Azər Rəsulzadənin Novxanıda yerləşən məzarlarının fotosu yayılıb.

Foto 2017-ci ildə lentə alınıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) devriləndən sonra məcburiyyət səbəbindən Məhəmməd Əmin Rəsulzadə vətəni tərk edib. Onun Novxanı kəndində yaşayan ailəsi olmazın məşəqqətlərə qatlaşıb.

Məhəmməd Əminin kiçik oğlu Azər 17 yaşından həyatının sonuna - 1993-cü ilə qədər Qazaxıstanda sürgündə qalıb.

Son vaxtlar vətən onu özünə daha çox çəkirdi. Birdəfəlik köçüb gəlmək istəyirdi. Amma xəstəlik imkan vermirdi. Ağrıları günü-gündən çoxalırdı. Oğlu Rais yanındaydı, hər arzusunu, hər istəyini yerinə yetirməyə hazır idi, amma ölümə qalib gələ biləcək qədər güclü deyildi. O, Novxanıda babasının məzarını tapmışdı, Azər də vətəndə dəfn olunmağını istəmişdi oğlundan. 1993-cü il iyul ayının 9-u Azər bəy dünyaya gözünü yumur. İyulun 11-i sonuncu arzusu gerçəkləşir - onu Novxanıda, babası Axund Hacı Molla Ələkbərin məzarının yanında torpağa tapşırırlar.

Azər.jpg (130 KB)


Azər iki aylıq olanda Məhəmməd Əmin evə gələrək öz körpəsini öpür, adının nə olduğunu soruşur. Ümbülbanu xanım isə uşağın adını Əliheydər qoyduqlarını deyir. Məhəmməd Əmin oğlunu bağrına basıb narazılıq dolu coşğunluqla deyir:

– Yox, bu, Əliheydər olmayacaq. Bu, azəri oğludur: Azər olacaq. Məhəmməd Əmin oğlu Azərlə belə görüşüb ayrılır. Və onlar bir daha görüşmürlər.

Azər bəyin sürgün həyatı ilə bağlı xatirələrindən bir hissə: Mərhum Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə” kitabından:

“Axşamüstü anam getmişdi xalamgilə, maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harda olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapıb və geri alır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin günü güclü yağış yağırdı. “Azneft” meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməçələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı...

Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi.

Özgə kişilərin yanında bayıra çıxmamaq ucun düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana, Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu”.


Sizin reklam burada
Sizin reklam burada