Qiymətlər niyə bu qədər qalxdı?!- Tural İrfan yazır

Qiymətlər niyə bu qədər qalxdı?!-  Tural İrfan yazır
02 İyl 2024 09:44

Bahalaşmanın elmi, iqtisadi səbəbləri, sosial fəsadları başqa, ilahi hikməti bir başqadır. İsrafçılıq çox olanda, nemətə naşükürlük artanda ya qıtlıq, ya da bahalıq baş verər.

Bolluğun, ucuzluğun qədrini bilməyəndə kasadlıq, kasıblıq üz verir. İsraf, bir şeyi həddən artıq az, yaxud çox istifadə etməyə deyilir.

Tərəzidə, ölçüdə aldatmaq ən böyük günahlardandır. Quranda "vay olsun" deyilib ölçünü yanıldanlara. Bir çox günahlar var ki, bu söz onları edənlər haqda işlənməyib. "Vay olsun" lənətdən daha ağır ittihamdır.

İndi alan da əziyyət çəkir, satan da. Çünki günaha birgə batıblar. Bəzi günahlarda Allah ikitərəfli ittiham edir. Məsələn, hədislərdə sələm alan da verən də, rüşvət alan da verən də lənətlənib. Demir ki, verənin günahı alandan azdır, yaxud əksinə. Ona görə ki, rüşvət verən olmasa alan da olmaz.

İndi biri alanda aldandığını bilir, ancaq göz yumur. Düşünür ki, özü də satanda aldadacaq.

Neçə aydır müşahidə edirəm: çox yerdə saxta, keyfiyyətsiz kartofu "Tovuz kartofu" adı ilə sırıyırlar. Tanımadığım üçün şəxsən məni də bir neçə dəfə aldadıblar. Satana demişəm, deyib vallah məni də aldatmışdılar...

Vicdan, insaf, ədalət indi ancaq termin olaraq işlənir, yalnız şeirlərdə, yazılarda qalıb. Reallıqda bu terminlərin daşıdığı mahiyyətə əməl olunmur.

Cəmiyyətimiz bir qədər də özünütənqidlə məşğul olmalıdır. Zibil qutularından Bakı şəhərində hər gün tonlarla çörək yığılır. Ancaq elə ölkələr var ki, uşaqlar məhz o zibilliyə atılmış çörəyə möhtacdır. Bəs bu naşükürlük deyilmi?

Allah da göydən meteorit yağdırmayacaq ki, o da bu cür cəzalandırır, ayıldır. Adam var ki, atasını maşına götürmür, anasını qocalar evinə qoyur. Bəs elə günahların cəzası da belə verilir. Bəyəm Allahın hər şeyə seyrçi qaldığınımı düşünür bəziləri? Əsla belə deyil. Baş verən bütün hadisələrin öz səbəbi, hikməti var.

Tural İrfan, MCP-nin sədr müavini


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər