““Hərşeyşünaslıq“ dində keçmir“- Tural İrfan

““Hərşeyşünaslıq“ dində keçmir“-  Tural İrfan
04 İyl 2024 14:23

Dinin hökmlər, əmrlər ictimai müzakirə, yaxud səs çoxluğu ilə qəbul edilmir. Birdən biri yazır ki, "Məhərrəmlikdə toy etmək olar, yoxsa yox?" Dərhal müzakirə başlayır, hər yerindən duran, kəlimeyi şəhadətini bilməyən, evinin qibləsini tanımayan da başlayır rəy verməyə, hökm verməyə, halal - haram fətvası verməyə...

Bu ölkədə bir siyasətdən, bir də dindən hamı danışır, sanki hamı politoloq, hamı din alimi, ilahiyyatçıdır. Danışmağı bir yana, hökm verir, höcətləşir...

Dini qaydalar İslam hüququ ilə, ayələr, hədislər, icmanın rəyi və digər üsullalara əsasən təsbit olunur. Kiminsə sosial şəbəkədə ağlına gələn rəyi yazması ancaq onun günahına gətirib çıxarır. Din və dini əmrlər sizin üçün hansısa müğənninin hansısa "həci" ilə intim həyatı deyil, oturub efirdə müzakirə edəsiniz, hökm verəsiniz. Dinimizi, müqəddəs dəyərlərimizi bu qədər ucuzlaşdırıb adiləşdirmək olmaz. Vaxt vardı, adamlar Qurana dəstəmazsız əl vurmzdılar. Qüsl etməmiş Quranı ələ götürməzdilər. İndi Quran ayələrini Müaviyyə etdiyi kimi tikə-tikə edib mübahisədə bir - birinə atırlar silah kimi, ox kimi.

Məhərrəm ayında nə edib nə etməməyin hökmü haqqında danışmaq üçün ən azı bütün İslam məzhəblərinin, alimlərinin mövqeyini bilməlisən. Qurandan hökm çıxarmaq metodologiyasına bələd olmalısan, fihqin üsuluna vaqif olmalısan ki, bir məsələni əsaslandıra biləsən.

Bir də görürsən ölkədə bir qətl baş verir. Hamı olur müstəntiq, hamı olur vəkil. Hamı məhkəmə - tibbi ekspertə çevrilir öz peşəsini buraxıb. Hamı prokuror olur, başlayır cəza kəsməyə, istintaq aparmağa...

Adam gərək bildiyi şeydən danışsın. Dini məsələlərdə yanlış rəy vermək birbaşa böyük günahdır və Quranda Cəhənnəm ilə cəzalandırılır.

Sizə zarafat gəlməsin. Quran, İslam cəmiyyətin rəyi, müzakirəsi, kiminsə şəxsi fikri əsasında qərara gəlmir, Allahın kitabı, Peyğəmbərin buyuruqlarına əsasən möqve ortaya qoyur.

Hamının dindən danışması, özü də, özünü hər şeyi bilən kimi göstərməsi kütləvi cəhalətdən, dini və dünyəvi savadsızlıqdan irəli gəlir. Heç gördünüzmü kimya üzrə alim bu qədər dindən danışsın? Yaxud hansısa hüquq üzrə mütəxəssis bu qədər dindən danışsın, hər şeyə müdaxilə edib dərhal hökm, rəy versin? Xeyr. Niyə? Çünki savadlıdır, bilir ki, onun sahəsi deyil, əsaslandırma metodları fərqlidir...

Ona görə lazımdır ki, bilən danışsın, bilməyən də sual edib öyrənsin, müzakirəyə qoşulursa öz yerini bilsin. "Hərşeyşünaslıq" dində keçmir.

Tural İrfan, MCP-nin sədr müavini


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər