"Zühur yaxınlaşır" fikri ilə müsəlmanları elmdən, tərəqqidən, müasir inkişafdan əsrlərlə geri saldılar. 13 əsrdir ki, Mehdi zühur edir, İsa zühur edir, Qiyamətin əlamətləri peyda olur, amma heç nə baş vermir.
Əvvəla qeyd edim ki, Quranda Qiyamətin heç bir əlamətindən bəhs edilmir. Qiyamət baş verəndə İranın İsrailə raket atacağını əvvəlcədən ABŞ-a məlumat verməsi kimi olmayacaq, qəfil, xəbərsiz baş verəcək. Quranda nə İsanın zühurundan, nə Mehdinin qeybindən bir kəlmə də
yoxdur. Vəhy məntiqi ilə də, fəlsəfi baxışdan da bu mümkünsüz və məntiqsiz məsələdir. Bu haqda hədis və rəvayətlər fars müəlliflər tərəfindən Peyğəmbərdən ən azı 300 il sonra uydurulub. İbn Xaldun kimi böyük alimlər də bu rəvayətlərə etimad etməyib qeyb, zühur məsələlərini qəbul etməyiblər. Peyğəmbər, İmam yer üzünü islah etmək üçün gəlir. Yer üzünün ən fəsadlı dövründə zəruri, labüd tədbir tökən qüdrət olaraq meydana çıxır. Sonuncu Peyğəmbərdən 14 əsrə yaxın zaman keçib və ən fəsadlı, ən qəddar dövr gəlib çatıb. Yəni, ehtiyacın olduğu bu zaman kəsimində adı çəkilən simalar zühur etməyibsə dünya düzələndən sonra yaxud daha da bərbad olandan sonra zühur etməyin nə mənası və nə məntiqi var? Sanki xəstə illərlə həkimsiz və dərmansız zülüm çəkir, yalnız öləndə təcili yardım gəlib çatır. Sonuncu Peyğəmbər ilə Allahdan mesaj gətirənlər silsiləsi bitib.
Əgər dünyanı insanlar düzəldib zühura zəmin hazırlamalıdırlarsa bəyəm İmam bəşəriyyətəmi möhtacdır bir halda ki, hamının ümid yeri odur. Yaxud dünya stabilləşəndən sonra, hamı hidayət olandan sonra daha zühura, İmama nə lüzum var. Yox. Əgər dünyanın daha da bərbad hala düşməsi gözlənilirsə ki, fəsad mütləq Ərşə çıxmalıdır İsa, Mehdi zühur etmək üçün, bu da ədalətə, nübuvvət və imamət missiyasının fəlsəfəsinə ziddir. Çünki fəsadın Ərşə çıxması Peyğəmbər ya İmam zühurunu labüd etmir, əzabın gəlməsini labüd edir. Necə ki, Lut, Hud, Saleh, Nuh zamanında da belə olub. Yəni, hər vəchlə göydən kiminsə gəlib möcüzə göstərəcəyini, dünyada ədaləti bərpa edəcəyini iddia edənlər öz boyunlarına düşən məsuliyyətdən yayınmağa haq qazandırmaq üçün bu şüarları bayraq ediblər. İslah etmədən və ya islah olmadan qeybdən İmam gözləmək gülüncdür. İmamiyyə etiqadına görə İmamın qeybdə olduğu zamanda qalxan hər bayraq batildir və qurulan dövlət qanunsuzdur. Amma bu da həqiqətdir ki, bu günki fars rejimini quranlar bu prinsipləri kənara qoyaraq teokratik dövlət qurdular. Demək özləri də zühura inanmırdılar. Sadəcə bu inamın quruca şüarını saxladılar ki, camaatı əldə saxlaya bilsinlər. Bu gün İmamiyyə etiqadında olan, lakin fars şüubiyyə rejiminin əksinə çıxan "ziddi- vilayəti fəqih" zümrəsi, "ziddi - inqilabçı" tərəf məhz bu prinsipin pozulmasına görə İran rejimini qəbul etmirlər.
İmamın qeybdən gəlib hər şeyi yoluna qoyacağına ümid edilir. Halbuki bu inamın mahiyyəti İmamın və Allahın ədalət xarakterini şübhə altına alır. Yəni, İmam bu qədər zülmü görür, izləyir, lakin gəlmir və heç bir kömək də etmir. Haqsızlıq qarşısında susqun və acizdir sanki. Burada səbr, hikmət, ilahi - sir yozumları vəziyyətdən çıxış üçün bəhanələrdir. Peyğəmbərlər və Əhli Beyt imamları adil və haqsızlıq qarşısında mübarizə aparan şəxslər olub. Onların dini missiyasının tərkib hissəsi kimi canlarını belə bu yolda fəda ediblər.
İmamiyyə nəzəri ilə götürsək: 12 İmamın 11-ni öldürən və ya qoruya bilməyən bir qövmə 12-ci İmam nə üçün gəlməlidir? Onu qorumağa zəmin və zəmanət yoxdur ki, zühur etmir? Zühura maneə öldürülmə qorxusudursa bu hər zaman olacaq, hələ əksinə getdikcə bu daha da artacaq. Çünki Qərbin müasir, öldürücü silahları, kəşfiyyatı müsəlmanlardan çox qabaqdadır. Yox əgər elə bir qorxu yoxdursa, bəzilərinin qeyd etdiyi kimi o gələndə bütün müasir silahlar, texnika dayanacaq, texnologiya işə yaramayacaqsa bəs onda qeybin bu qədər uzunluğuna nə ehtiyac var, madam ki, qorxu yuxdur?
Yəni, Peyğəmbər, İmam adi insan kimi dünyaya gəlir, təbliğat aparır, missiyası bitəndə də hamı kimi vəfat edir. Nə göyə çəkilir, nə qeybə gedir, nə də sonra göydən gəlir.
İnsanlar öz məsuliyyətini boynundan atmaq üçün oturub möcüzələr gözləyirlər. Peyğəmbərdən az sonra müsəlmanlar parçalanaraq müxtəlif şəxsləri özlərinə lider qərar verib onların zühurunu gözləməyə başladılar. Sünnilər doğulacaq dedikləri Mehdi ibn Abdullahın, şiələrin Səbəiyyə Ğulat qolu İmam Əlinin, İsmaili qolu İmam Sadiqin böyük oğlu İsmailin, Keysaniyyə qolu İmam Əlinin oğlu Məhəmməd Hənəfiyyənin, İsmaililərin Dərazi qolu Fatimi xəlifəsi Hakim Biəmrillahın, Cəfəri İmamiyyə qolu da İmam Həsən Əskərinin oğlu Muhəmmədin qeybdə olan Mehdi olduğunu iddia edərək əsrlərdir gözləyirlər. Hələ müasir dövrümüzdə peyda olan çoxsaylı mehdiləri demirik.
Quranda Allah Maidə surəsində İslamı din olaraq seçdiyini və bu dini də kamala yetirdiyini qeyd edir. İmam zühuru inancı dinin kamil yox, naqis olmasını tərənnüm edir. Əgər din tamamdırsa daha imama, zühura nə lüzum var? Yox əgər naqis və natamamdırsa onda Qurana qarşımı çıxılır?
Sonuncu Peyğəmbərdən sonra inkişaf, tərəqqi, ağılın və təfəkkürün müasirliyi fonunda mükəmməl din olaraq İslam yekun din hesab edilib. Əgər ehtiyac vardısa qeybdən İmam və Peyğəmbər qaytarmağa nə lüzum vardı, bəyəm Allah yenidən əvvəlki silsilə ilə Peyğəmbər göndərə bilməzdi? Necə ki, İbrahimdən sonra Musa, ondan sonra İsa, ondan sonra da Muhəmməd (ə) gəldi. Peyğəmbərliyi dayandırıb İmamət təsis edərək onun da sonuncusunu qeybə çəkib dünyanı fəsada bürüməkdə Allahı ittiham edənlər şübhəsiz ki, küfrə düşüblər. Peyğəmbərlər və peyğəmbərlik dövrü bitib. Bunu Allah təala özü Quranda elan edir ki, Muhəmməd (s) xatəmən-nəbidir, sonuncudur, vəssalam.
İndi peyğəmbərlərin irsini yaşatmaq, yaşamaq dövrüdür. Elm, tərəqqi, inkişaf dövrüdür. Qılınc, qalxan dövrü yox, qələm, internet, kitab dövrüdür.
İnsanlar zamanla ayaqlaşıb üzərinə düşən vəzifələri icra etməlidirlər. Zamanın axarının əksinə 7-8 - ci əsrə üzmək cəhalətdir, xurafatdır. İrəli üzmək lazımdır, irəli 22-ci,24-ci əsrə baxmaq lazımdır. Buddist yaponun istehsal etdiyi maşında oturub xristian almanın istehsal etdiyi telefonda ateist ingilisin icad etdiyi sosial şəbəkədə İmam zühuruna aid rəvayətlər üzərində mübahisə aparmaq cəhalətin ali təzahüründən savayı bir şey deyil.
Tural İrfan, MCP-nin sədr müavini