Qərbi Azərbaycan: Tarixi haqqımızın bərpası

Qərbi Azərbaycan: Tarixi haqqımızın bərpası
09 Dek 2024 11:26

Məryəm Bağırova

Bir vaxtlar Qarabağ uğrunda hamımız birləşərək, “Dəmir Yumruq” kimi birlik göstərmişdik. Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə hamımızın bir hədəfi, bir məqsədi var idi: Azərbaycanın işğal altındakı torpaqlarını geri almaq. Və bu, bizə mübarizənin gücünü, birlikdə olmağın nə qədər əhəmiyyətli olduğunu göstərdi. İndi isə yeni bir mərhələdəyik. Bu gün Qarabağdan sonra, biz hamımız Qərbi azərbaycanlı olmalıyıq!

Prezident İlham Əliyev, Qərbi Azərbaycan məsələsini önə çəkərək, bu torpaqların bizim haqqımız olduğunu dəfələrlə vurğulayıb. 2023-cü ildəki beynəlxalq çıxışlarında, Azərbaycanın tarixi torpaqlarına geri dönmək hüququnun təmin edilməsi üçün bütün lazımi addımların atılacağını qeyd edib. Prezident, Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımları və işğalçılıq siyasətini açıq şəkildə pisləyib, bu məsələnin ədalətli həlli üçün mübarizəni davam etdirməyi vəd edib. Ən mühüm məqamlardan biri isə, Prezidentin “Qayıdış Hüququ” haqqında söylədikləri oldu. O, zorla doğma torpaqlarından qovulmuş Qərbi azərbaycanlıların öz evlərinə, yurdlarına qayıtma haqqını bərpa etməyin Azərbaycanın başlıca məqsədi olduğunu bildirib. Bu, sadəcə bir ərazi məsələsi deyil, həm də bir ədalət məsələsidir. Çünki bizim bu torpaqlarda, öz mədəniyyətimizlə, dilimizlə, adət-ənənələrimizlə yaşamaq haqqımız var.

Qərbi Azərbaycan, əsrlər boyu bizim torpağımız olub. Lakin 1828-ci ildən başlayaraq, bu torpaqlar Ermənistana verildikdən sonra, azərbaycanlılar buradan zorla çıxarıldı və yüzlərlə insan, yeni məskənlərə köç etməyə məcbur oldu. Lakin zaman keçsə də, bu torpaqlara olan haqqımız heç zaman itmədi. Prezidentin çıxışları, bizə bu torpaqlarda itirdiklərimizin yalnız fiziki deyil, həm də mənəvi bir əhəmiyyət daşıdığını bir daha xatırlatdı. Qərbi Azərbaycanla bağlı son dövrlərdə ölkəmizdə həyata keçirilən bir sıra təşəbbüslər də bu məsələnin nə qədər vacib olduğunu göstərir. Məsələn, Qərbi Azərbaycan Bağçasının salınması,  bu torpaqlarla bağlı olan mədəniyyətimizin qorunmasına olan ehtiyacı simvolizə edir. Bir müddətdir fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası, məcburi köçürülən soydaşlarımızın hüquqlarını və Qərbi Azərbaycan ərazisindəki tarixi, mədəni irsi qorumağa yönəlmiş bir media platformasıdır. Televiziya, həmçinin Azərbaycanın tarixi torpaqları ilə bağlı ədalətin bərpa edilməsini və Qərbi Azərbaycana qayıdış hüququnun təmin olunmasını dünya ictimaiyyətinə çatdırır. Bu təşəbbüs, Qərbi Azərbaycan məsələsinin beynəlxalq səviyyədə daha geniş tanınmasına və gələcək nəsillərə mədəni irsi tanıtmağa xidmət edir.

Bu gün, biz hər birimiz Qərbi azərbaycanlı olmalıyıq. Bizim birliyimiz, gücümüz və iradəmiz bu torpaqlara qayıtmağımıza, haqqımızı bərpa etməyimizə təminat verəcəkdir. Biz, Prezident İlham Əliyevin yolunu izləyərək, bu mübarizədə bir olmalı, tək bir məqsəd uğrunda birləşməliyik.   Qərbi Azərbaycan, bu gün Ermənistan adını daşıyan ərazilərdəki azərbaycanlıların tarixən yaşadığı torpaqlardır. Lakin 1918-ci ildən başlayaraq, Ermənistanın apardığı etnik təmizləmə və zorla köçürmə siyasəti nəticəsində minlərlə azərbaycanlı öz yurdunu tərk etmək məcburiyyətində qalmışdır. 1987-1991-ci illərdə Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı qalmadı və bu torpaqlar monolit bir erməni cəmiyyəti ilə əvəzləndi.

Azərbaycan xalqı, Vətən müharibəsi ilə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək, məcburi köçkünlərimizin öz torpaqlarına geri dönməsinin yolunu açdı. Prezident İlham Əliyev bu qələbəni “beynəlxalq hüququn aliliyinin təntənəsi” kimi qiymətləndirdi. Lakin Qərbi Azərbaycan məsələsi hələ də gündəmdədir. 2020-ci il Vətən müharibəsi, yalnız Qarabağla bitmədi, bu həm də Zəngəzur və digər ərazilərin azadlığına zəmin yaratdı.

Prezident İlham Əliyev, “Ermənistanı dialoqa dəvət etdik, amma onlar bu təklifi rədd etdilər” deyərək, Ermənistanın Qərbi Azərbaycan məsələsini beynəlxalq hüquqla həll etməyə səy göstərməkdən imtina etdiyini qeyd etdi. Bu vəziyyət, yalnız Azərbaycan üçün deyil, eyni zamanda beynəlxalq sülh və təhlükəsizlik üçün bir problemdir. Ermənistanın bu məsələdə inkarçı mövqe tutması, beynəlxalq aləmin onu təzyiqə məruz qoymasına səbəb olmalıdır.

Prezident İlham Əliyevin “Biz indi hamımız Qərbi azərbaycanlı olmalıyıq!” çağırışı, xalqımızın birliyi, həmrəyliyi və mübarizəsi üçün yeni bir nöqtədir. Bu gün, təkcə Qərbi azərbaycanlılar deyil,  Azərbaycanın hər bir vətəndaşı bu mübarizənin bir hissəsi olmalı və bu məsələyə qlobal səviyyədə diqqət ayırmalıdır.

5-6 dekabr tarixlərində 51 ölkədən dəvət olunmuş qonaqların iştirakı ilə keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II Beynəlxalq konfrans Qərbi Azərbaycan İcmasının və Azərbaycan dövlətinin mühüm bir diplomatik təşəbbüsü olaraq, təkcə zorla köçürülmüş soydaşlarımızın deyil, bütün Arzərbaycan xalqının haqqını bərpa etmə yolunda yeni bir mərhələni işıqlandırdı. Prezident İlham Əliyevin sözlərindən də aydın olduğu kimi, bu mübarizə yalnız yerli və regional deyil, beynəlxalq hüquq və ədalət məsələsi səviyyəsinə yüksəlib. Qərbi azərbaycanlıların tarixi yurdlarına qayıdış hüququnun bərpa edilməsi, yalnız bir xalqın deyil, bütün bəşəriyyətin ədalət axtarışının simvoludur. Bu, Azərbaycanın və dünya xalqlarının etnik təmizləmə və zorla köçürmə kimi insanlığa qarşı cinayətlərin qarşısını almaq üçün bir araya gəlməsinin vacibliyini göstərir. Bu konfrans, bizə bir daha xatırladır ki, ədalət bərpa olunmadıqca sülh möhkəmlənə bilməz. Beynəlxalq ictimaiyyətin, Azərbaycanın haqlı mübarizəsini dəstəkləməsi, həm tarixi, həm də hüquqi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu, yalnız Qərbi azərbaycanlıların deyil, ümumilikdə bütün məcburi köçkünlərin bərpa edilən hüquqlarının, bəşəri ədalətin və sülhün bir simvoluna çevriləcəkdir.

Biz bir yerdə güclüyük, biz bir yerdə Qərbi azərbaycanlıyıq!  Və mütləq Qərbi Azərbaycana geri qayıdaraq tarixi haqqımızı bərpa edəcəyik!



Youtube kanalımız