Tayvanın EVA Air hava yolu şirkəti, xəstəxanada vəfat edən 34 yaşlı bələdçidən “icazə sənədi” tələb edildiyi üçün ailəsindən rəsmi şəkildə üzr istəyib.
News365.az xəbər verir ki, şirkət hadisənin əməkdaş səhlənkarlığı nəticəsində baş verdiyini açıqlayıb.
Rəsmi Focus Taiwan agentliyinin məlumatına görə, EVA Air rəhbərliyi 10 oktyabrda uçuş zamanı halı pisləşərək vəfat edən bələdçi ilə bağlı açıqlama yayıb. Məlumatda qeyd olunub ki, hostesin xəstəxanada qaldığı günlər üçün icazə sənədi istənilməsi “insan səhvi” olub və bu səbəbdən ailədən şəxsi qaydada üzr istənilib.
Şirkət eyni zamanda bələdçinin ölümü ilə bağlı daxili araşdırma başladıldığını bildirib.
Hadisə ilə bağlı yayılan məlumatlara əsasən, bələdçi 24 sentyabrda Milan–Taoyuan reysi zamanı özünü pis hiss edib, enişdən dərhal sonra xəstəxanaya yerləşdirilib və 10 oktyabrda həyatını itirib.
Ailəsi isə bildirib ki, bələdçinin ölümündən bir neçə gün sonra şirkət nümayəndəsi onlarla əlaqə saxlayaraq, “xəstəxanada olduğu günlərə dair icazə sənədi” təqdim etmələrini istəyib. Bu hadisə Tayvanda ictimaiyyət arasında böyük rezonans doğurub.
News365.az