Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yeni reallıq formalaşdırır

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yeni reallıq formalaşdırır
17:53

Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur və enerji layihələri regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişən əsas amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və quruculuq işləri ölkənin inkişaf strategiyasında xüsusi yer tutur. 

Politoloq İlqar Vəlizadə News365.az-a açıqlamasında bildirib ki, Prezident Ilham Əliyev beynəlxalq platformalarda Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı layihələr və regionda aparılan quruculuq işləri barədə mühüm mesajlar verir.

Onun sözlərinə görə, ölkədə son illər enerji, nəqliyyat və infrastruktur sahələrində reallaşdırılan layihələr regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini artırıb. Politoloq hesab edir ki, bu layihələr Avrasiyanın mühüm strateji istiqamətlərindən birinə çevrilən Azərbaycanın mövqeyini daha da gücləndirir.

İlqar Vəlizadə qeyd edib ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda son beş ildə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Yeni yaşayış məntəqələrinin salınması, yolların çəkilməsi, mühəndis-kommunikasiya xətlərinin qurulması və infrastruktur layihələrinin icrası bölgədə tamamilə yeni reallıq formalaşdırır.

Politoloqun fikrincə, bu miqyasda quruculuq və bərpa işləri region tarixində ilk dəfədir həyata keçirilir və görülən işlər strateji əhəmiyyət daşıyır.

O əlavə edib ki, işğal dövründə dağıdılmış yaşayış məntəqələrinin və tarixi obyektlərin bərpası dövlət nəzarəti altında sistemli şəkildə davam etdirilir. Bununla yanaşı, həyata keçirilən layihələr bölgəyə həyatın qayıdışını sürətləndirir və insanların doğma torpaqlarına dönüşü üçün əlverişli şərait yaradır.


Sizin reklam burada
Sizin reklam burada