İyulun 1-də
Portuqaliyanın Sintra şəhərində keçirilən Avropa Mərkəzi Bankının ənənəvi Mərkəzi
Bankçılıq Forumunda FED-in yeni sədri Kevin Uorş bazarlara gələcək dövr üçün
olduqca mühüm mesaj verdi.
Uorş
bildirdi ki, FED artıq bazarlara gələcək faiz qərarları barədə əvvəlcədən
istiqamət vermək siyasətindən uzaqlaşacaq və qərarlarını yalnız iqtisadi göstəricilər
əsasında qəbul edəcək. Bu pul siyasətinin texniki məsələsi deyil. Bu qlobal
maliyyə bazarlarında qərarvermə mexanizminin dəyişməsidir.
Bu nə deməkdir?
Bu barədə
danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, bu o deməkdir ki, son illərdə
investorlar FED rəhbərlərinin hər çıxışını diqqətlə izləyərək növbəti faiz qərarını
əvvəlcədən proqnozlaşdırmağa çalışırdılar:
“İndi isə əsas
diqqət çıxışlardan inflyasiya, məşğulluq, iqtisadi artım və digər makroiqtisadi
göstəricilərə keçir.
Bunun nəticəsində
bazarlar hər yeni statistik göstəriciyə daha həssas reaksiya verəcək.
Volatilliyin artnası, istiqraz bazarında faizlərin daha kəskin dəyişməsi, səhm
bazarında isə qiymət dalğalanmalarının güclənməsi ehtimalı yüksəlir.
Bu dəyişiklik
inkişaf etməkdə olan ölkələr üçün, o cümlədən Azərbaycan üçün də əhəmiyyətlidir.
ABŞ-da faizlərin yüksək qalması və ya artırılması dolları gücləndirə, beynəlxalq
kapitalın bir hissəsini yenidən ABŞ bazrına yönəldə və inkişaf etməkdə olan ölkələrə
investisiya axınlarını zəiflədə bilər.
Əslində, son
bir neçə ildə mən də müxtəlif çıxış və yazılarımda eyni məqama diqqət çəkirəm.
Ki, investorlar və biznes subyektləri qərarlarını dünya liderlərinin və ya mərkəzi
bank rəhbərlərinin bəyanatlarına deyil, real iqtisadi göstəricilərə əsaslandırmalıdırlar.
Çıxışlar bazarlarda ani psixoloji effekt yarada bilər, lakin makroiqtisadi göstəricilər
iqtisadiyyatın laborator analizinin nəticələri kimidir. Məhz həmin rəqəmlər
gec-tez bazarların həqiqi istiqamətini müəyyənləşdirir. Bu göstəriciləri düzgün
oxuyanlar bazarda üstünlük qazanır, düzgün qiymətləndirə bilməyənlər isə itkilərlə
üzləşirlər”.
News365.az