Qafqazın ilk kinoteatrı haqqında nə bilirik?

Qafqazın ilk kinoteatrı haqqında nə bilirik?
09:56
Gəncə. Azərbaycanın qədim tarixini özündə yaşadan şəhərimiz. Gəncə möcüzələrlə dolu əsrarəngiz gözəlliyi ilə seçilir və ilklərə imza da burada atılıb.
Əgər Azərbaycanın kino tarixi Bakıda Aleksandr Mişonun çəkilişləri və seansları ilə başlasa da, ilk xüsusi kinoteatr binası statusu Gəncə şəhərinə məxsusdur.
Bakıda çəkilən filmlər üçün xüsusi bir yer yox idi. Şəhərdə qısa zamanda böyük sensasiya yaradan kino filmlər Vasilyev-Vyatskinin sirk-teatr binasında göstərilirdi. Kino barədə məlumat bütün Qafqazda və xüsusən Azərbaycanın iri şəhərlərində yayılırdı.
Gəncə də böyük şəhərlərdən olduğu üçün, Bakıdan dərhal sonra Bakı-Gəncə-Tiflis yoluna çıxan qrup kinonu ikinci şəhər olaraq burada nümayiş etdirir. Bunun üçün xüsusi bir yer yox idi. Teatr binaları və bəzi varlı adamların yığışdığı klublarda filmlər göstərilirdi.
Mədəniyyət şəhəri olan Gəncədə sahibkarlar daha geniş zal və tamaşaçı üçün Qafqazda ilklərdən biri olan "Sinema" binası tikməyə qərar verirlər. Lakin burada bir qeyd edim ki, bəziləri hesab edirlər ki, onu tikən şərabçılıq üzrə sahibkar olan alman Xristofor Förer tikib. Xeyir, onun tikdiyi bina Gəncə Dövlət Milli Dram Teatrının binasıdır. Səhv etmirəmsə 1886-cı ildə tikilib teatr binası.
"Modern sinema" adlanacaq binanın memarı və sifarişçisi barədə dəqiq mənbə olmadığı üçün qeyd edə bilmirəm, lakin binanın memarlığı Gəncəyə xas üslubda tikilib. Avropa klassisizm elementlərini özündə əks etdirən bu tarixi bina ənənəvi Gəncə qırmızı bişmiş kərpicindən tikilib.
Bina sırf kino nümayişi məqsədinə uyğunlaşdırılaraq geniş tamaşa zalı, hündür tavan və proyeksiya aparatının yerləşdirilməsi üçün xüsusi bölmə ilə layihələndirilib.
Bəzi qeydlərə görə isə bina əvvələr başqa məqsədli tikinti olub. Sonradan içərisi kino nümayişi üçün layihələndirilib.
Səssiz kino dövrünə təsadüf edən bu ilk seanslar zamanı ekranda baş verənləri izah etmək üçün zalda xüsusi şərhçi (izahçı) dayanır, musiqili fon yaratmaq üçün isə fortepiano və ya kiçik orkestr ifa edirdi. Maraqlı burada bir fakt var ki, əksər tamaşaçılar bura çox zaman kinoya baxmağa yox məhz bu şərhçilərin Gəncə ləhcəsi və yerli yumorla izahına qulaq asmaq üçün gəlirdilər.
Kinoya baxmaq üçün həftədə iki gün qadınlar üçün ayrıca seanslar keçirilirdi. O, dövrün adətlərinə görə kişilər və qadınlar bir yerdə tamaşaya yaxud kinoya baxa bilməzdilər.
Bilet qiymətləri isə yerindən asılı olaraq 10-50-qəpik arası idi. Ön yerlər isə var dövlətindən asılı olaraq bəylər üçün 1-2 manat idi.
Hazırda Adil İsgəndərov küçəsi, 60 ünvanda yerləşən tarixi bina müxtəlif dövrlərdə başqa başqa məqsədlər üçün istifadə edilsə də, öz əzəmətini qoruyub saxlayıb.
Zaur Əliyev, professor

Sizin reklam burada
Sizin reklam burada