Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində rayonda tədbirlər davam etdirilir.
Dövlət Proqramından irəli gələn vəzifələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının yanında daimi qərargah yaradılıb və müvafiq İş Planı təsdiqlənib.
Proqram çərçivəsində həyata keçirilən layihələrin icra vəziyyətini qiymətləndirmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev tərəfindən növbəti monitorinq keçirilib.
Monitorinq zamanı 2 hektar ərazidə yaradılan yeni istixana təsərrüfatına baxış keçirilib. Qeyd olunub ki, təsərrüfatın qurulması istiqamətində işlərin 95 faizi başa çatdırılıb və dekabr ayında tinglərin əkilməsinə başlanılması nəzərdə tutulur. İstixanada müasir suvarma sistemi quraşdırılıb, gələn ildən isə torpaqsız əkin üsulunun tətbiqi planlaşdırılır.
Daha sonra 57 hektar ərazidə salınmış nektarin bağına baxış keçirilib. Bildirilib ki, ixracyönümlü məhsul istehsalı nəzərdə tutulan bağın salınmasında xarici ölkələrdən gətirilmiş sertifikatlı tinglərdən istifadə olunub. Burada müasir texnologiyalar əsasında suvarma şəbəkəsi qurulub və gələn il ilk məhsulun yığılması planlaşdırılır.
Balıqçılıq təsərrüfatına baxış zamanı isə Dövlət Proqramının qəbulundan sonra Şəmkirdə sahibkarların bu sahəyə marağının artdığı diqqətə çatdırılıb. Hazırda mövcud təsərrüfatların genişləndirilməsi ilə yanaşı, yeni balıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində də layihələr həyata keçirilir. Bu işlərin məhsul istehsalının və ölkənin özünü təminetmə səviyyəsinin artırılmasına töhfə verəcəyi vurğulanıb.
Monitorinq çərçivəsində fermerlərlə də görüşlər keçirilib. Görüşlərdə onların təsərrüfat fəaliyyətində qarşılaşdıqları çətinliklər dinlənilib, mövcud imkanlar və gələcək planlar ətrafında fikir mübadiləsi aparılıb.
Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən qərargahın iclasında fermerlərin təkliflərinin nəzərə alınmasının və qarşıya çıxan problemlərin həlli üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin vacibliyi qeyd edilib. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində yaradılan imkanlar barədə fermerlərin məlumatlandırılması və mütəmadi maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.







