Şimali Kiprin Girnə sahillərində “Filo Jet” gəmisinin qəzaya uğraması ilə bağlı aparılan istintaq çərçivəsində daha bir Azərbaycan vətəndaşı saxlanılıb.
News365.az “Kıbrıs Gerçek”ə istinadən xəbər verir ki, gəminin keçmiş matrosu S.S. başqa şirkətə məxsus gəmi ilə Mağusa limanına çatdıqdan sonra sahilə çıxarkən polis tərəfindən saxlanılıb. Girnə məhkəməsi onun bir gün həbsdə saxlanılmasına qərar verib.
İstintaqın məlumatına görə, S.S. iyunun 12-də gəminin gövdəsindəki çatı görüb, fotosunu çəkərək ikinci kapitana göndərib. O, iyul ayında gəmidəki işindən ayrılıb. Polis həmin fotonu və yazışmaları araşdıracaq.
Xatırladaq ki, “Filo Jet” avqustun 30-da Girnə sahillərində qəzaya uğrayıb. Ekspertiza gəminin aşmasına gövdədəki zədənin səbəb olduğunu müəyyən edib.