Pulsuz vulkan “qorunmaq üçün” bağlandı

Pulsuz vulkan “qorunmaq üçün” bağlandı
08 Apr 2025 22:45

Xəbər verdiyimiz kimi, Turizm Agentliyi tərəfindən yaradılmış Palçıq Vulkanları Turizm Kompleksindən kənarda olan vulkanlara gediş qadağan olunub. Kompleksdən kənarda olan vulkanların özünübərpası üçün belə bir addımın atıldığı deyilsə də, bu müddətin nə qədər davam edəcəyi marağa səbəb olub.


Mövzu ilə bağlı news365.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin mətbuat katibi Rufik İsmayılov bildirib ki, vulkan təbiət hadisəsi olduğu üçün onun özünübərpa prosesinin nə zaman yekunlaşacağını söyləmək çətindir.


“Bu müvəqqəti xarakter daşıyır. Amma bunun nə qədər müddət davam edəcəyini söyləmək indi çətindir. Mütəxəssislərin rəyi nəzərə alınaraq, sözügedən əraziyə giriş müvəqqəti dayandırılıb. Özünübərpa prosesi tamamlanandan sonra mütəxəssislərin rəyi əsasında nə qərar qəbul ediləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək”, - o əlavə edib.


Qeyd edək ki, Qobustan rayon sakinləri kompleksə daxil olan vulkan ərazilərinə girişin 15 AZN olması səbəbindən ziyarətçilərin əsasən kənar vulkanlara səfərə üstünlük verdiyini, Turizm Agentliyinin isə öz maraqlarını təmin etmək məqsədi ilə bu ərazilərə gedişi qadağan etdiyini iddia edib.


Maraqlıdır ki, kompleksdən kənardakı vulkanlara “özünübərpa” üçün giriş məhdudiyyəti qoyulsa da, kompeksin əhatə etdiyi vulkanla bağlı belə qərar verilməyib.


Sizin reklam burada
Sizin reklam burada