Suriyalı mülki şəxslərə qarşı zorakılıq məsələsini təcili şəkildə diqqətdə saxlamaq lazımdır. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz hesab edirik ki, bu məsələyə təcili baxılmalı və ən əsası bu zorakılıq təzahürləri mümkün qədər tez aradan qaldırılmalıdır”, - Peskov vurğulayıb.
Bundan öncə Suriyanın Ələvi icmasının liderləri İsrailin baş naziri Benyamin Netanyahuya və digər İsrail rəsmilərinə məktub göndəriblər. Qeyd edilib ki, ələvilər İsraildən onları Suriyanın yeni hakimiyyət orqanlarının təqiblərindən xilas etməyi xahiş ediblər.
Xatırladaq ki, ötən həftə Suriyanın Latakiya və Tartus əyalətlərində təhlükəsizlik qüvvələri ilə Dəməşqdə yeni hökumətə müxalif silahlı qruplar arasında şiddətli toqquşmalar baş verib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, son günlər ölkənin sahilyanı ərazilərində Ələvi azlığından olan 830 mülki şəxs öldürülüb. Öz növbəsində Suriya Müdafiə Nazirliyi yeni hakimiyyətin əleyhdarları ilə döyüşlərdə 231 təhlükəsizlik qüvvələri zabitinin həlak olduğunu açıqlayıb.
Tural