10 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger ilə görüşüb.
XİN-dən News365.az-a verilən xəbərə görə, görüş zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı zamanı itkin düşmüş azərbaycanlılar məsələsi, itkin düşmüş şəxslərin tapılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində mövcud vəziyyət, habelə beynəlxalq əməkdaşlıq istiqamətində səylər müzakirə olunub.
Nazir Ceyhun Bayramov “itkin düşmüş şəxslər” məsələsinin hər zaman əsas diqqət mərkəzində olduğu, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə qədər azərbaycanlı itkin düşdüyünü diqqətə çatdırıb.
2023-cü ildən etibarən ölkəmizin bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil etdiyi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu işdə aktiv rolu qeyd edilib.
İtkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsinin vacib olduğu vurğulanıb.
Nazir itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsinin həm qanunun aliliyi, ədalət, həm də münaqişə sonrası münasibətlərin normallaşmaşı baxımından önəmini nəzərə alaraq, beynəlxalq ictimaiyyətin bu məsələdə rolunun vacib xarakter daşıdığını vurğulayıb. Ölkəmizin indiyə qədər işğaldan azad olunmuş ərazilərdə 23 kütləvi məzarlıq aşkarladığı qeyd edilib. Bununla yanaşı, itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi prosesinə mina təhdidinin ciddi şəkildə maneçilik törətdiyi bildirilib.
Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.