İran son olaylarla əlaqədar Suriyada baş verən hadisələrə təsiri olan ölkələrə mürəciət edib və narahatlığını bildirib.
Bunu brifinqdə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bağai deyib. O, hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.
Diplomatın sözlərinə görə, Tehran sabitliyin pozulması və ələvilərə, xristianlara və digər dini azlıqlara qarşı zorakılıq aktları ilə bağlı xəbərlərdən son dərəcə təşviş keçirir.
Bundan öncə Suriyanın Ələvi icmasının liderləri İsrailin baş naziri Benyamin Netanyahuya və digər İsrail rəsmilərinə məktub göndəriblər. Qeyd edilib ki, ələvilər İsraildən onları Suriyanın yeni hakimiyyət orqanlarının təqiblərindən xilas etməyi xahiş ediblər.
Xatırladaq ki, ötən həftə Suriyanın Latakiya və Tartus əyalətlərində təhlükəsizlik qüvvələri ilə Dəməşqdə yeni hökumətə müxalif silahlı qruplar arasında şiddətli toqquşmalar baş verib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, son günlər ölkənin sahilyanı ərazilərində Ələvi azlığından olan 830 mülki şəxs öldürülüb. Öz növbəsində Suriya Müdafiə Nazirliyi yeni hakimiyyətin əleyhdarları ilə döyüşlərdə 231 təhlükəsizlik qüvvələri zabitinin həlak olduğunu açıqlayıb.
Tural