Son illərdə Xəzər dənizinin səviyyəsində davamlı dəyişikliklər müşahidə olunur. Balıqçılıq və digər su ehtiyatlarından asılı sektorlar geri çəkilmədən birbaşa təsirlənir. Xəzər dənizinin səviyyəsindəki azalma ekosistem və iqtisadi həyat üçün ciddi çağırışlar yaradır.
Ətraf mühit məsələləri üzrə ekspert, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov News365.az bildirir ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi həm iqtisadi, həm də ekoloji baxımdan ciddi problemlər yaradacaq.

Dənizin geri çəkilməsi balıqçılıq sektoruna böyük ziyan vuracaq, çünki balıqların yaşaması üçün uyğun ərazilər daralacaq və onların populyasiyası azalacaq.
Həmçinin, sahil ərazilərində yaşayan insanların ənənəvi gəlir mənbələri – əsasən balıqçılıq – risk altına düşəcək. Xəzər dənizinin ekosistemindəki dəyişikliklər flora və faunanın pozulmasına səbəb olacaq, sahil mikroiqlimində isə dəyişikliklər enerjiyə olan tələbatı artıracaq.
Ekspert eyni zamanda xəbərdarlıq edir ki, suyun səviyyəsinin azalması yalnız ekoloji problemlər yaratmır, həm də ölkələrarası siyasi və iqtisadi gərginliyi artırmaq potensialına malikdir.
Son beş ildə Xəzər dənizinin səviyyəsində davamlı dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər nəticəsində dənizin bəzi sahələrində ya səviyyə artıb, ya da azalıb, sahil ekosistemləri və landşaftlarda ciddi təsirlər yaranıb.
İndiki hadisə xüsusilə diqqətçəkicidir: dənizin qurumuş hissəsində qədim meşə sahəsi üzə çıxıb. Ekspertlərin ilkin təxmininə görə, bu ağacların yaşı ən azı 3 min ildir. Bu, həmin ərazinin uzun müddət ərzində quru olması ilə izah edilir. Araşdırmalara görə, eramızdan təxminən 1 min il əvvəl Xəzər dənizinin səviyyəsi indiki səviyyədən 3–5 metr aşağı olub və həmin dövrdə yalnız belə meşələr əmələ gələ bilərdi.
Mütəxəssislər əlavə araşdırmaların və elmi nümunələrin götürülməsinin vacibliyini vurğulayır. Karbon analizləri vasitəsilə ağacların yaşı və növü müəyyən ediləcəyi təqdirdə, Xəzərin tarixi və ərazinin keçmişi haqqında çox qiymətli məlumatlar əldə olunacaq.