Təhsildə xarici dilin rolu ilə tədrisin hansı dildə aparılması məsələsi eyni deyil. Bir çox ölkədə xarici dillərin öyrənilməsinə xüsusi əhəmiyyət verilsə də, əsas fənlərin ana dilində tədrisi milli təhsil sisteminin mühüm prinsiplərindən biri olaraq qalır. Təhsil eksperti Etibar Əliyev bu mövzuya diqqət çəkərək məşhur alim Oqtay Sinanoğlunun fikirlərini paylaşıb.
News365.az xəbər verir ki, Etibar Əliyev paylaşımında türk alimi, kimyaçı və molekulyar bioloq Oqtay Sinanoğlunun təhsilin dili və milli təhsil sistemi ilə bağlı yanaşmalarını diqqətə çatdırıb.
Paylaşımda qeyd olunur ki, Oqtay Sinanoğlu 26 yaşında ABŞ-ın Yel Universitetində professor olub. O, elmi fəaliyyətinə və beynəlxalq nüfuzuna görə “Türk Eynşteyni” kimi tanınıb.
Ekspert alimin “Mühacir Hamamı” kitabından gətirilən fikirlər vasitəsilə ana dilində təhsilin əhəmiyyətini ön plana çıxarıb.
Sinanoğlu kitabında Türkiyənin keçmiş təhsil sistemini yüksək qiymətləndirərək, türkcə aldığı təhsilin ABŞ-ın nüfuzlu universitetlərində ona üstünlük qazandırdığını bildirib. Alim öz təcrübəsindən çıxış edərək tədrisin ana dilində aparılmasının əhəmiyyətini vurğulayıb.
O, xarici dilin öyrənilməsi ilə təhsilin bütövlükdə başqa dildə aparılmasını fərqli məsələlər kimi qiymətləndirib. Sinanoğlunun fikrincə, xarici dil öyrənmək üçün bütün təhsil prosesinin həmin dildə təşkil edilməsinə ehtiyac yoxdur.
Alimin kitabından sitatda deyilir:
“Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam başqa və qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir”.
Sinanoğlu xarici dilin tədris dili kimi istifadəsinə də tənqidi yanaşıb. O hesab edib ki, ana dilində təhsil milli kimliyin, elmi düşüncənin və mədəni dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Alimin kitabından gətirilən digər sitatda isə belə deyilir:
“Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur! Müstəmləkə ölkələrini çıxmaq şərti ilə dünyada heç bir ölkədə belə bir xarici dil öyrətmə üsulu yoxdur!”
Etibar Əliyevin paylaşımı təhsilin hansı dildə aparılması, xarici dillərin tədrisdə yeri və ana dilinin qorunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.