Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın “Çoban məsuliyyəti” adlı yeni kitabı işıq üzü görüb.
News365.az xəbər verir ki, kitab Bakıda, “AVE Print” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla nəşr olunub.
Nəşrdə müəllifin son iki ildə qələmə aldığı siyasi-fəlsəfi, elmi-publisistik və kulturoloji məqalələri toplanıb.
Səkkiz tematik bölmədən ibarət kitabda Azərbaycan dövlətçiliyinin ideya əsasları, tarixi yaddaş, milli kimlik, Qarabağ Zəfərinin siyasi-mənəvi nəticələri, ictimai düşüncənin müasirləşməsi, dil və mədəniyyət, din-dövlət münasibətləri, dünyəvilik və vətəndaş məsuliyyəti kimi məsələlərə toxunulub.
Kitab “Tarix mirası mövzusunda mülahizələr”, “Qarabağın azadlığı və erməni xəstəliyi”, “Zamanın çağırışları”, “Şəxsiyyətlər və kölgələri”, “Dilimiz – dilçəyimiz”, “Mədəniyyətimiz və milliliyimiz”, “Bütövlük xəstəliyi” və “Ümmətçi dinimiz və milli cəhalətimiz” adlı səkkiz bölmədən ibarətdir.
Müəllif bölmələrdə müasir Azərbaycan cəmiyyətinin aktual intellektual, siyasi və mədəni məsələlərinə özünəməxsus yanaşma sərgiləyir. Kitaba adını verən “Çoban məsuliyyəti” məqaləsində məsuliyyət anlayışı qoruyuculuq, mənəvi öhdəlik və maarifçilik kontekstində araşdırılır.
Nəşrin əvvəlində yer alan “Qranulalar” adlı aforistik fikirlər də kitabın ideya məzmununu tamamlayır.
Fazil Mustafanın sayca 31-ci kitabı olan “Çoban məsuliyyəti” siyasi fəlsəfə, tarix, kulturologiya, dinşünaslıq və hüquqla maraqlanan mütəxəssislər, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.