Oqtay Qasımovdan məktəblərlə bağlı xəbərdarlıq: “Bu təhlükə çoxdan yaranıb”

Oqtay Qasımovdan məktəblərlə bağlı xəbərdarlıq: “Bu təhlükə çoxdan yaranıb”
13:54

Məktəblərdə dini təbliğat, şagirdlərin milli dəyərlərə münasibəti və təhsil müəssisələrində dövlətçilik prinsiplərinin qorunması məsələləri yenidən müzakirə mövzusuna çevrilib. Bəzi valideynlərin məktəblərdə milli bayramlar və dövlət rəmzləri ilə bağlı tədbirlərə etiraz etməsi, eləcə də müəllimlərin şagirdlərə dini məzmunlu mahnılar öyrətməsi ilə bağlı yayılan məlumatlar təhsil mühitində nəzarət məsələsini gündəmə gətirir.

Politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında məktəblərdəki vəziyyətin ciddi araşdırılmasının və aidiyyəti qurumların birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, təhsil müəssisələrində mövcud boşluqlar açıq şəkildə etiraf edilməli və aradan qaldırılmalıdır.


“İlk növbədə, təhsil məsələlərinə olduqca ciddi yanaşılmasını istəyirəm. Məktəblərdə müəyyən boşluqların olduğu açıq-aşkardır və bu, birbaşa dilə gətirilməlidir. Vaxtilə İranın casus şəbəkəsi ilə əlaqəli olduğu iddia edilən bəzi valideynlərin öz övladlarının təhsil aldığı məktəblərdə müəllimlər qarşısında müxtəlif tələblər irəli sürməsi ilə bağlı məlumatlar yayılıb.

Belə hallar arasında uşaqların Azərbaycan bayrağı ilə bağlı tədbirlərdə iştirak etməməsi, dövlət himnini öyrənməməsi və milli bayramlara qatılmaması ilə bağlı tələblərin olduğu bildirilir. Təsəvvür edin, Azərbaycan vətəndaşı olduğunu deyən şəxslər ölkənin dövlət məktəblərində bu cür şərtlər irəli sürürlər. Onların uşaqlarının milli bayramlarda deyil, yalnız müəyyən dini bayramlarda iştirak etməsini istəməsi ciddi narahatlıq doğurur”, – deyə politoloq bildirib.

O.Qasımovun sözlərinə görə, bu məsələlər qəfil ortaya çıxmayıb və uzun müddətdir diqqət tələb edir. O, Bakının müxtəlif qəsəbələrində müəllimlərin şagirdlərlə apardığı söhbətlər və onlara öyrədilən mahnılarla bağlı yayılan məlumatları da xatırladıb.

“Bunlar birdən-birə ortaya çıxan məsələlər deyil. Zamanla formalaşan və bu gün daha aydın görünən problemlərdir. Buna görə də məktəblərdəki vəziyyətə yenidən baxılmalı, mövcud çatışmazlıqlar aradan qaldırılmalıdır”, – deyə o qeyd edib.

Politoloq hesab edir ki, problemin həlli üçün yalnız təhsil qurumlarının deyil, digər dövlət strukturlarının və cəmiyyətin də fəal iştirakı vacibdir.

“Düşünürəm ki, Elm və Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, xüsusi xidmət və daxili işlər orqanları, eləcə də yerli icra hakimiyyəti orqanları bu məsələlərlə bağlı ciddi və məsuliyyətli addımlar atmalıdırlar. Cəmiyyət də ayıq-sayıq olmalıdır.

Əks halda, İranın Yaxın Şərqdə, o cümlədən İraq, Suriya, Livan, Qəzza və Yəməndə həyata keçirdiyi siyasətin oxşarını Azərbaycanda tətbiq etməyə çalışdığını görəcəyik”, – deyə Oqtay Qasımov fikrini yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada