Oman sahillərində üç tankerə hücum olub

Oman sahillərində üç tankerə hücum olub
13:01

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Omanın Limah sahilləri yaxınlığında iki neft tankerinin raket hücumuna məruz qalması ilə bağlı məlumat daxil olduğunu açıqlayıb.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, tankerlər Hörmüz boğazını cənub marşrutu ilə tərk edərkən hədəfə alınıb.

UKMTO bildirib ki, hər iki hadisə ilə bağlı məlumat iyulun 13-də daxil olub. Hücumların dəqiq vaxtı açıqlanmasa da, hadisələrlə bağlı araşdırma aparılır.

Qurum həmçinin Omanın Qalhat sahilləri yaxınlığında üçüncü tankerə də hücum edildiyini bildirib. Məlumata görə, hadisə ötən gecə saat 21:04 UTC-də (Bakı vaxtı ilə 01:04) qeydə alınıb.

UKMTO-nun açıqlamasında qeyd olunub ki, tankerin kapitanı gəminin sağ bortundakı mühərrik bölməsinin naməlum mərmi ilə vurulduğunu bildirib. Bildirilir ki, ekipaj üzvlərinin hamısı sağdır və ətraf mühitə hər hansı ziyan dəyməyib.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi "Mombasa" və "Al Bahiyah" adlı iki neft tankerinin Oman sularında, Hörmüz boğazından keçərkən İranın qanadlı raketləri ilə hədəfə alındığını açıqlamışdı.

Nazirliyin məlumatına görə, hücum nəticəsində Hindistan vətəndaşı olan bir ekipaj üzvü həlak olub, daha səkkiz nəfər yaralanıb. Yaralananlardan altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır.

Hazırda UKMTO-nun hesabatında qeyd olunan tankerlərin BƏƏ Müdafiə Nazirliyinin adlarını açıqladığı "Mombasa" və "Al Bahiyah" gəmiləri olub-olmadığı dəqiqləşdirilməyib.


Sizin reklam burada
Sizin reklam burada