Məkkə sazişi ilə bağlı mühüm GƏLİŞMƏ – Türkiyədən ÇAĞIRIŞ

Məkkə sazişi ilə bağlı mühüm GƏLİŞMƏ – Türkiyədən ÇAĞIRIŞ
20:00

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan “Birgə Müdafiə üzrə Məkkə Sazişi”nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub. Xəbər verildiyi kimi, artıq saziş Türkiyənin "Resmi Gazete"sində dərc edilməklə qüvvəyə minib.

Məlumdur ki, Məkkə sazişi üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Hazırda isə Yaxın Şərqdə vəziyyət mürəkkəb olaraq qalır. ABŞ (İsrail) ilə İran arasında yeni hərbi toqquşma istisna edilmir. Belə bir durum yaranarsa, yəqin ki, ən çox Türkiyə çətin seçim qarşısında qalacaq. Çünki İran təzədən Səudiyyə Ərəbistanını da hədəf alacaq, qardaş ölkə isə üstəlik NATO üzvüdür.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp Məkkə anlaşmasını alqışlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu günlərdə Trampı bir daha İranla yeni hərbi toqquşmadan yayınmağa çağırıb. Öz növbəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Yaxın Şərq ölkələri regional təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etmək və artıq xarici güclərin müdaxiləsini məqbul hesab etməmək niyyətindədir. “Bunu tarixdə dəfələrlə görmüşük. Öz imkanlarımızı inkişaf etdirməli, siyasi iradə nümayiş etdirməli və bu məsuliyyəti öz üzərimizə götürməliyik. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bu prosesə başlayıb”, - nazir vurğulayıb və əlavə edib ki, Məkkə Alyansı institutlaşdırıldıqdan sonra bölgədə sülh tərəfdarı olan və beynəlxalq hüquqa riayət edən digər ölkələr də ona qoşula biləcək...

Mövzu ilə bağlı danışan hərbi ekspert Əfrahim Təhməzov bildirib ki, bu saziş 3 dövlət arasında hərbi əməkdaşlığın hüquqi bazası olmaqla yanaşı, həm də Yaxın Şərq və Cənubi Asiya arasında yeni strateji təhlükəsizlik oxunun formalaşması deməkdir:

“Türkiyənin xarici işlər naziri Hakan Fidanın xarici güclərin müdaxiləsinə son qoymaq və təhlükəsizlik məsuliyyətini yerli aktorların öz üzərinə götürməsi barədə çağırışı təsadüfi deyil.

Məkkə Sazişi hərbi-siyasi baxımdan unikal bir sinerji yaradır. Burada üç fərqli, lakin bir-birini ideal şəkildə tamamlayan güc birləşir: Türkiyənin yüksək texnologiyalı hərbi-sənaye kompleksi və müasir döyüş təcrübəsi, Pakistanın nüvə çəkindiriciliyi, ballistik raket potensialı və nəhəng canlı qüvvəsi, eləcə də Səudiyyə Ərəbistanının böyük maliyyə resursları və Qərbdən aldığı ən müasir hava-raket hücumundan müdafiə sistemləri.

Sadə dillə desək, bu üçlükdə texnologiya Türkiyədən, nüvə qalxanı və insan resursu Pakistandan, kapital və bahalı aviasiya-HHM infrastrukturu isə Səudiyyə Ərəbistanından gəlir. Ər-Riyadın maliyyə imkanları ilə Türkiyənin 5-ci nəsil KAAN qırıcısı və ya Pakistanın yeni raket proqramlarının birgə maliyyələşdirilməsi, həmçinin müxtəlif mənşəli hava hücumundan müdafiə sistemlərinin vahid şəbəkədə inteqrasiyası regionda qüvvələr balansını kökündən dəyişə bilər”.

Ekspertin sözlərinə görə, ABŞ və ya İsrail ilə İran arasında yeni hərbi toqquşma ehtimalının artdığı bir vaxtda sazişin qüvvəyə minməsi rəsmi Ankaranı həm strateji üstünlük, həm də ciddi diplomatik sınaq qarşısında qoyur: “Əgər Vaşinqton və Təl-Əviv İranla genişmiqyaslı müharibəyə başlayarsa, Tehranın cavab zərbələrinin hədəfində yenidən Səudiyyə Ərəbistanının neft və enerji infrastrukturu olacaq. Belə bir ssenaridə Məkkə Sazişinin yaratdığı öhdəliklər Türkiyəni Ər-Riyadın müdafiəsinə cəlb edə bilər. Lakin burada incə bir məqam var: Türkiyə həm də NATO üzvüdür. Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampı İranla yeni hərbi toqquşmadan yayınmağa çağırması məhz bu incə balansdan irəli gəlir. Ankara Vaşinqtonla eyni cəbhədə İrana qarşı birbaşa müharibəyə qoşulmaq istəmir, əksinə, diplomatik bufer rolunu qorumağa çalışır. Tramp administrasiyasının sazişi alqışlaması isə ABŞ-ın Yaxın Şərqdəki birbaşa hərbi yükünü regional müttəfiqlərin üzərinə ötürmək strategiyasına uyğundur”.

Əfrahim Təhməzov qeyd edib ki, sazişin gələcəkdə digər regional dövlətlər üçün açıq elan edilməsi Tehran və Təl-Əvivdə də diqqətlə izlənilir: “İran bu birliyi özünə qarşı yönəlmiş təhlükəsizlik həlqəsi, İsrail isə uzunmüddətli perspektivdə regiondakı hərbi üstünlüyünə meydan oxuyan yeni güc mərkəzi kimi qiymətləndirir. Doğrudur, tərəflərin fərqli qlobal bağlantıları – Pakistanın Çinlə sıx əlaqələri, Türkiyənin NATO öhdəlikləri və Səudiyyənin ABŞ-la münasibətləri sazişin dərhal klassik hərbi bloka çevrilməsini məhdudlaşdıra bilər. Amma hətta kəşfiyyat mübadiləsi, birgə hərbi təlimlər və müdafiə sənayesi kooperasiyası səviyyəsində belə Məkkə Alyansı Yaxın Şərqdə xarici müdaxilələrin qarşısını alan ciddi çəkindirici amilə çevriləcək”./Musavat.com


Sizin reklam burada
Sizin reklam burada