Cəmiyyət dindən çox xurafata meyllidir. İçində xurafat və nağıl olmayan dini mövzuya adamlar könülsüz yanaşırlar.
Hər bir dini mövzunun içində mövhumat, xurafat axtarıb ondan yapışırlar. Real, elmi, kəlami nəsnədən danışanda, yazanda qaçırlar. Elə ki, bir mərsiyyəçi qondarma bir rəvayəti fantastik şəkildə hind musiqisi notları üstündə qiyyə çəkdi, o saat üz tuturlar o səmtə.
Dahilərdən biri deyir ki, insanlar düz danışanı yox, yüksəkdən danışanı dinləyir həmişə.
Mən
bilirəm ki, xurafatın qoynuna yürüyən o kütlə əsla eyni sürətlə kitab təqdimatına, teatra, mədəni mərkəzlərə, kitabxanalara yüyürmür...
Sabit Rəhmanın pyeslərinin birində deyilir ki, haram tikə dadlı olur. Dini mövzuda da xurafat, mövhumat, nağılbazlıq dadlı olur sanki, insanlar o tərəfə yüyürürlər.
Çoxu xurafatı sırf dinin özü zənn edir və ona iman gətirir. Heç Quranı oxumayıb, oxumaq arzusunda da deyil.
Dindar, mömin cildinə girən istismarçı fiqurlar da bunu gözəl bilir və həmin kütlənin damarını məharətlə tuturlar. Elə simlərə toxunurlar ki, dindən xəbərsiz, lakin mənəvi ehtiyaclı təbəqənin iliyini tərpədə bilsinlər. Hissləri cuşa gətirib ikinci mərhələdə isə təhtəlşüurda xarici qüvvələrin ideologiyalarını müqəddəs dəyərlər adı altında sırıyırlar, yeridirlər...
Mirzə Cəlilin məqalələrini oxuyuram, dəhşətə gəlirəm. Heç nə dəyişməyib. Əksinə o zamankından daha da qəlizləşib vəziyyət. Sosial şəbəkələrdə dindən alimlik edən, mübahisələrə girişən, dindar cildinə girənlərin əksəriyyəti beş kitab oxumayan adamlardır. Sadəcə beş xurafatçının nağıllarını dinləyib təsir altına düşüblər.
Ölkədə normal ali dini təhsil sistemi qurulub, din ocaqlarına təyinat, nəzarət normaldır. Sağlam din xadimləri yetişir, mötədil dini təbliğat axarına düşür. Lakin bununla paralel xurafat və mövhumat da inkişaf edir, artır. Əslində bütün təhlükələr dinin yox, din adı ilə yeridilən xurafatın içindən çıxır.
Təsəvvür edin ki, cahilliyyə dövründə ərəblər daşdan 360 büt yonub onları tanrı hesab edirdilər. O daşların uğrunda da savaşıb qan tökürdülər. Hansı ki, həmin büt-tanrıları özləri qoruyurdu, arabaya qoyub ora - bura sürüyürdülər. İndi də insanlar şah damarından özlərinə yaxın olan, eşidən, görən, bilən, bəxş edən və hər şeyə qadir olan Allahı qoyub, uzaqdakı hansısa ağaca, özləri təmir etdikləri pirə, dağa üz tuturlar və əşyalardan mədəd umurlar. Yaxud ölüləri, təbiət abidələrini Allah ilə arada vasitəçi, minnətçi qəbul edirlər.
"Mücadilə" surəsi, 7-ci ayədə Allah buyurur:
"Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir."
Ancaq adamlar özlərinə hamıdan yaxın olan, yanlarında olan Allahı qoyub, uzaqlarda tanrı axtarırlar...
Məscidlərdə adətən xurafat elementləri olmur deyə pirlərə, ocaqlara, daş-qayalara, mövhumat xarakterli məkanlara daha çox axın olur.
Hər kəsin öz inancı, öz etiqadı var, özü bilər. Amma narahatlıq ondadır ki, bu xurafi ayinləri, əməlləri İslamla, dinlə, Əhli Beytlə əlaqələndirirlər. Məsələn, real tarixi şəxsiyyət, böyük alim, səhabə, xəlifə, imam olmuş Həzrət Əlini nağıl, dastan qəhrəmanı kimi, mifoloji bir obraz kimi təqdim edirlər. Qılıncı ilə gəlib qayanı iki yerə bölən, atının ayağı daşda iz buraxan İmam Əli obrazı ilə tarixi şəxsiyyət olan real Həzrət Əli arasında dağlar qədər fərq var. Ömrünün yarısı Ərəbistanda, İraqda keçən İmam Əlinin atının ayaq izi o yerlərdə niyə yoxdur, bircə dənə çapdığı qaya da yoxdur, amma ömründə Azərbaycanda olmadığı halda burada onun adına çoxsaylı pirlər, bütxanalar, əlamətlər var... Lap tutaq ki, var. Kaş ki, də həqiqətən olaydı, Azərbaycana da gəlmiş olsaydı biz də fəxr edərdik. Məgər İmamın atının ayağı dəydiyi yeri, qılıncla çapdığı daşı Kəbəyə çevirib təvaf etmək, bütxanaya çevirmək lazımdır? Axı o özü də bunun əleyhinə olub. Şəxsiyyətə, daşa yox, Allaha pərəstiş edib və onun uğrunda mübarizə aparıb şəhid olub...
Əgər bu kimi məbədgahlar o müqəddəs şəxsin adı ilə bağlı yox, hansısa başqa, adi şəxsin adı ilə bağlı olsa, orada yol verilən bidət və xurafatlara müəyyən qədər təbii baxmaq olar. Çünki hər kəsin öz əqidəsi, öz inancı var. Amma bunun İslamla, dinin öndərlərindən olan şəxsin adı ilə bağlanması həmin dinin mənsubları tərəfindən etiraz edilməsinə səbəb olur. Çünki İslamın öndəri olan bir simanı xurafata mənbə kimi göstərmək yanlışdır.
Həzrət Əlinin mənəvi dünyası, ilkin İslam hüququna verdiyi töhfələr, qəhrəmanlıq və şücaəti, idarəçilik üsulu, sosial - iqtisadi yöndəki tətbiqatı, fəlsəfi aforizm və elmi kəlamları, ədəbi yöndəki yaradıcılığı - şeirləri, humanizmi, ali ümumbəşəri dühası ilə xurafat, mövhumat əsla uzlaşmır. O özü cəhalət, xurafat, mövhumata qarşı mübarizə aparıb, insanları elmə, əxlaqa, zəngin mənəvi dəyərlərə sövq edib.
Ümumiyyətlə xurafat cəhalətdən doğur. Əgər insan təhsilə, savada yiyələnərsə xurafat yolunu deyil, İmam Əlinin yolu olan elm yolunu seçər. Bu yöndə xurafatla mübarizə aparılmasa heç zaman sağlam dini təbliğat mülkün olmayacaq. Xurafat dinin zəhəridir. Sağlam din xadimi, dinşünas, ilahiyyatçı dinin bir dəyərini təbliğ edəcəksə, haqqı səsləndirəcəksə, yüz xurafatçı da qaraküyçülüklə o dəyəri sıradan çıxaraq, din xadiminin də səsini batıracaq. Ona görə də xurafatı dinlə qarışıq salmamaq, xurafata qarşı mübarizə aparmaq lazımdır ki, din sağlam qalsın, zəhərlənməsin. Xarici düşmənlər də xurafatı din kimi sırıyaraq insanların inancını istismar edib öz məqsədləri üçün istifadə edə bilməsinlər.
Tural İrfan, MCP-nin sədr müavini