Ermənistan-ABŞ müttəfiqliyi Cənubi Qafqaza təhdiddir- TƏHLİL

Ermənistan-ABŞ müttəfiqliyi Cənubi Qafqaza təhdiddir- TƏHLİL
16:26

Xəbər verdiyimiz kimi ötən gün Ermənistan və ABŞ nümayəndələri birgə tərəfdaşlıq komissiyasının yaradılması haqqında sənəd imzalayıblar. İmzalanma mərasimi Vaşinqtonda baş tutub.

Razılaşmaya əsasən  Amerika sərhəd patrul qrupu Ermənistanda yerləşdiriləcək. ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın zamanda Ermənistana ABŞ sərhəd patrul komandası göndəriləcəyini bildirib.

Ermənistan-ABŞ müqaviləsinin Cənubi Qafqaza təsiri

ABŞ-la razılaşma ilk növbədə Ermənistanın KTMT-dən çıxmasının yekun rəsmiləşdirilməsinə və Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərinin dayandırılmasına gətirib çıxarır. Moskvanın İrəvanın ən mühüm xarici siyasət tərəfdaşı kimi yerini bundan sonra Vaşinqton, Paris və Brüssel tutacaq. Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşmalar çərçivəsində Cənubi Qafqazda qeyri-regional oyunçuların - Amerika qüvvələrinin simasında iştirakı artır. Bu, regionda bütün vəziyyətə təsir edən və sabitliyi pozan amildir.

ABŞ təhlükəsizlik qüvvələrinin Ermənistandakı bir nömrəli hədəfi təbii ki, İran olacaq.Tehran elə bir vəziyyətdədir ki, uzun illər İrəvana verdiyi dəstəyə görə indi Ermənistanın simasında ABŞ-ın agentini qəbul edir. Bu, Tehran elitası üçün çox xoşagəlməz faktdır. İrana təzyiq təkcə İsrail və Fars körfəzi ölkələri tərəfindən deyil, həm də Ermənistan tərəfindən göstəriləcək. Burada İrana qarşı casusluq üçün ABŞ-ın elektron kəşfiyyat bazalarının yerləşdirilməsi də gözləniləndir. Əlbəttə, casusluq Cənubi Qafqazın bütün digər dövlətlərinə qarşı da aparılacaq. Ona görə də bu bütün hallarda geriyə dönüşü olmayan bir addımdır. Nikol Paşinyan son hərbi-siyasi seçimi ilə Qərbin “Troya atı”olmağı qəbul etdi. Bu, ABŞ və Fransaya arxalanaraq öz hərbi əzələlərini Qərb vasitəsilə gücləndirmək ümidi ölkəmiz üçün də yaçşı heç nə vəd etmir. Bu ən azından Ermənistanla Azərbaycan arasında imzalanmalı olan sülh müqaviləsini ləngidəcək. Üstəlik, rəsmi İrəvan yeni ritorikaları ilə gündəm yaratmaq istəyəcək. Bu da bütövlükdə Cənubi Qafqazda sabitliyin pozulmasına rəvac verəcək.

Bu eyni zamanda Rusiyanı sürətlə Ermənistandan uzaqlaşdıracaq. Çünki, Rusiya üçün Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişi yeni problemlərə yol açacaq.  Artıq bəzi məsələlər Rusiya üçün gecdir. Çünki Qərb Ermənistanı nəinki  qucağına çəkib, həm də bunu müvafiq siyasi və digər razılaşmalarla, o cümlədən hərbi strukturların və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətini rəsmiləşdirib. Cənubi Qafqazın digər ölkəsinin regiona gəlişi regionun sabitliyi üçün təhdiddir. Bölgədən keçən ən mühüm dəhlizlərin - həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" nəqliyyat logistikasına da yeni təhlükələr var. İndi açıq-aydın, amerikalılar, fransızlar və Avropa rəsmiləri Ermənistandan istifadə edəcəklər. Hər cür yolla Cənubi Qafqazın sabitliyinə və normal inkişafına qarşı çıxış edəcəklər.

News365.az