Ukraynadakı müharibəni həll etmək üçün aylar, hətta daha çox vaxt lazım olacaq. Bu barədə “Reuters” ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın adı açıqlanmayan müşavirlərinə istinadən yazıb.
Müşavirlərin fikrincə, Ağ Evin gələcək rəhbəri vəzifəsinə rəsmən başladıqdan sonra ilk gündəcə problemi həll edəcəyinə dair vədləri seçki kampaniyası ritorikası və münaqişənin mürəkkəbliyini dərk etməməkdən ibarət idi.
“Bu qiymətləndirmələr Trampın Rusiya və Ukrayna üzrə gələcək nümayəndəsi, istefada olan general-leytenant Keyt Kelloqun dediyi fikirlərə uyğundur... Hansı ki, o, 100 gün ərzində müharibənin “həllini”nin tapıla biləcəyinə dair fikirlərə şübhə ilə yanaşırdı", - məqalədə yazılıb.
Nəşr onu da xatırladıb ki, Rusiya mümkün sülh sazişi ilə bağlı qarışıq siqnallar verib. Moskva Trampla birbaşa danışıqları alqışlayır, müşavirlərinin irəli sürdüyü bəzi fikirləri isə “məqbul olmayan” təklif kimi rədd edir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural