Niyə həkimlərdən şikayətçiyik?- Tural İrfan yazır

Niyə həkimlərdən şikayətçiyik?- Tural İrfan yazır
09:43
Həkimi tənqid etmək, məhkəməyə vermək, ondan şikayət etmək olar. Mən də rüşvətə meyl edən, səhlənkarlıq göstərənləri arada tənqid edirəm. Amma həkimi döymək, öldürmək, söymək, aşağılamaq əsla olmaz. Hətta müharibələrdə belə səhiyyə, tibb işçilərinə toxunulmur. Həkimlik müqəddəs peşədir. "Həkim" ərəbcə hikmətli, hikmət sahibi deməkdir. Allahın bir adı da Həkimdir. Qədimdə ensiklopedik biliyə, sirli məsələlərə vaqif olan şəxslərə həkim deyirdilər.
Hippokrata müsəlman şərqində Büroqrat Həkim, İbn Sinaya Qərbdə Avicenna deyiblər. İbn Rüşd də Avropada Averroes olaraq həkim kimi tanınıb, əsərləri uzun müddət tədris olunub. Bu şəxslərə zamanında və hətta indiki dövrdə ikinci peyğəmbər kimi baxırlar. Çünki Allah hər adama, hər oxuyana hikmət vermir. Hikmət, yəni həkimlik ilahi vergidir. Quranda Allah Loğmana hikmət verdiyini qeyd edir.
İnsan həm fiziki həm də ruhani olaraq çox mürəkkəb yaradılmış varlıqdır. Onda həm mələklərə, həm də heyvanlara məxsus özəlliklər var. Onun mənəviyyatı, ruhani aləmi kimi fiziki aləmi də mürəkkəbdir. İmam Əli deyirdi ki, insan əslində kainatın kiçik nümunəsidir. Yəni, onun varlığını, hüceyrələrini, fəaliyyət sxemini böyütsək kainatın xüsusiyyətlərinin şəklini görəcəyik. Belə bir mürəkkəb canlının fiziki, (bəzən həm də ruhani!) aləmini öyrənən, onun cisminin normal fəaliyyətini nizama sala bilən, xəstəliyinə çarə tapan, əlac edən, bir çox hallarda da onu ölümün cəngindən xilas edən məhz həkimlərdir.
Oxusa, təhsil alsa belə çox adama bu sənətlə məşğul olmaq nəsib olmur. İşin ixtiyar tərəfi ilə yanaşı ilahi təqdir tərəfi də var. Dərdi verən Allah dəvanı da verir. Xəstələndirən Allah həkimi də yaradıb ki, insan zəif olduğunu, lakin hikmət sayəsində xilas ola biləcəyini bir daha dərk etsin.
Həkimlər heç də təsadüfən ağ geyinmirlər. Düzdür bunun tibbi tələbatla əlaqəsi var. Lakin mənəvi, hikmət tərəfi də var. Həmişə mələklər ağ paltarda təsvir və təsəvvür olunur... İnsanlığı kamil olan həkim elə mələk kimidir. Çünki onun missiyası yalnız xilas etməkdir.
Adicə bir kondisioner ustasını, maşın ustasını hamı qəsəbədə, kənddə necə hörmətlə qəbul edir. Çünki gərəkli cihazın təmirçisidir, bərpa edənidir. Həkim isə bütün xilqətin əşrəfi olan insanın təmirçisi, çox zaman xilaskarıdır. Odur ki, həkimlərə hər zaman ehtiram göstərilməlidir. Səni xilas edə bilməsə də başqalarının xilaskarıdır...
Tural İrfan, MCP sədrinin müavini

Sizin reklam burada
Sizin reklam burada