Xəbər
verildiyi kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu
layihəsi hazırlanıb və hazırda qanunun ictimai müzakirəsi həyata keçirilməkdədir.
“Bitki
sağlamlığı haqqında” yeni qanun layihəsi nə vəd edir?
Mövzu
ilə bağlı News365.az - a danışan Aqrar elmlər doktoru, professor Amin Babayev
deyib ki, “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi ölkəmizdə ərzaq təhlükəsizliyi
və dövlətin digər proqramlarının yerinə yetirilməsi üçün heç bir əhəmiyyət kəsb
etmir:
“Bu bugün ölkədə öz hüquqi çəkisini qoruyub
saxlayan “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının
Qanununun mövcudluğu ilə bağlıdır. Çünki, Bu Qanun Azərbaycan Respublikasında əhalinin,
torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin
edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və
dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Lakin bu qanun qəbul olunduqdan
indiyə qədər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı
Nazirliyi Qanunun və Prezident İlham Əliyevin sərəncamlarından irəli gələn vəzifələrin
yerinə yetirilməsi istiqamətində heç bir iş görməyiblər. Belə ki, reallıqda bu
qurumların elmi və kadr potensialı həmin vəzifələri yerinə yetirməkdən ötəri
yetərli deyildir və onlar mövcud qanunun ləğv edilməsi üçün 3 ildən artıqdır
ki, mübarizə aparırlar. Həm də ölkəyə gətirilən qida məhsulları bazarını ələ
keçirmək üçün qərəzli məqsədləri var”.
Mikayıl Cabbarov iki dövlət qurumun təşəbbüsünü niyə dəstəkləmədi?
Müsahibimiz
deyir
ki, 25 noyabr
2023-cü il tarixində Kənd Təsərrüfatı naziri və Qida Təhlükəsizliyi
Agentliyinin sədri tərəfindən İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət məktubu
göndərilmişdi:
“Müraciətin
mahiyyəti və məqsədi “Ekoloji təmiz kənd təsərrüfatı
haqqında” Qanununun ləğv edilməsi və “Qida təhlükəsizliyi haqqında”
Qanununda dəyişiklik edilməsi barədə idi. Onların təklif etdiyi qanun layihəsi
ölkə ictimaiyyəti, Azərbaycan alimləri və peşəkar mütəxəssisləri, digər
aidiyyatı dövlət qurumları tərəfindən müzakirə edilmədən, yalnız bu təşəbbüsü irəli
sürən mərkəzi icra hakimiyyəti orqanları olan KTN və AQTA-nın 4 əməkdaşı tərəfindən hazırlanmışdı”.
30 illik təşəbbüslər niyə dəstəklənmir?
Amin
Babayev onu da qeyd edib ki, dünyanın 190-dan artıq ölkəsində bu ölkələrin
qanunvericilik bazasının əsasında ekoloji(orqanik) kənd təsərrüfatı sistemi
inkişaf etdirilir:
“Bu
proses bütün ölkələrdə İFOAM (Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Hərəkatı
Federasiyası) tərəfindən idarə olunur və Azərbaycan dövləti İFOAM-ın baza
standartlarının əks olunduğu bütün beynəlxalq konvensiyalara qoşulub.
Azərbaycan
Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında 2008-ci ildə Qanun qəbul edildikdən
sonra MDB ölkələri cərgəsində 1-ci, dünya ölkələri içərisində sonuncu onluq
arasındadır.
Halbuki
Azərbaycanda ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi ideyası 1996-cı
ildə doğulub. Məqsəd xırda və pərakəndə torpaq istifadəçiliyi və eyni zamanda
torpaq payı alan insanların texniki və maliyyə imkanlarının məhdud olduğu şəraitdə
onlara ata-baba, yəni ekoloji kənd təsərrüfatı istiqamətində vərdiş və
bacarıqlar aşılamaq idi. Beləliklə, 1996-cı ildə Azərbaycan Dövlət Aqrar
Universitetində, Gəncədə yerləşən Elmi-Tədqiqat İnstitutlarında çalışan və özlərinin
yüksək vətənpərvərlik ruhu, əqidə birliyi, vətəndaşlıq borcu və peşəkarlıq
sevgisi ilə birləşən bir qrup alimlərin və onlara həmin amallar fonunda qoşulan
könüllülər birlikdə ölkədə Ekoloji Kənd Təsərrüfatı Hərəkatının əsasını
qoydular. Sonrakı mərhələdə bir neçə il dünyada müxtəlif ölkələrdə mövcud olan
ekoloji təmiz əkinçilik qanunvericiliyi öyrənildikdən sonra 2005-ci ildə AKTA-da
mənim rəhbərliyim altında AKTA və Gəncə Aqrobiznes Assosiyasiyasını (GABA) təmsil
edən ekspertlər qrupu «Ekoloji Kənd Təsərrüfatı haqqında Qanun» layihəsini işləyib
hazırladılar. Bu layihə ictimai rəyi öyrənmək məqsədilə mərkəzi və regional mətbuat
orqanlarında çap edildikdən sonra Milli Məclisə və respublikanın müvafiq
nazirliklərinə təqdim edildi. Qanun layihəsi yalnız 2007-ci ilin aprel ayında
ölkə parlamentinin Aqrar Siyasət Komissiyasında müzakirə mövzusuna çevrildi”.
Məsələyə Prezident Adminstrasiyası qarışdı
Professor
təəssüflə bildirib ki, qanun qəbul olunduqdan 10 il sonra FAO ölkəmizdə bu qanunla əlaqədar
islahatların çox ləng getdiyini nəzərə alaraq hökümətlə apardığı danışıqlardan
sonra “GCP/AZE/006/TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı
və institusional bacarıqların artırılması” layihəsini icra etdi və lahiyənin
yerinə yetirilməsinə xeyli maliyyə xərcləndi:
“Bu
layihənin əsas hədəfləri Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafına təkan
vermək, bu sahədə mövcud qanunvericiliyin, hüquqi bazanın formalaşdırılmasının,
müvafiq milli strategiyanın hazırlanmasından ibarət idi. Layihə çərçivəsində
hazırlanan hüquqi aktlar və tövsiyyələr Azərbaycan hökümətinə təqdim olundu.
9
iyul 2019-cu il tarixində Prezidentin
göstərişi ilə AR Prezidenti Administrasiyası rəhbərliyi Respublikanın Mərkəzi
İcra Orqanlarına monitorinq keçirmək məqsədilə ekoloji təmiz kənd təsərrüfatı
haqqında qanunvericiliyin icra vəziyyətinin yoxlanılması ilə əlaqədar zəruri məlumatları
AR Prezidentinin Administrasiyasına təqdim etmələri haqda məktub göndərdi.
Monitorinqin nəticələrinə görə məlum oldu ki, ölkə qanununun və Prezidentin Fərmanlarının
yerinə yetirilməsi istiqamətində görülən işlər qeyri-qənaətbəxşdir. Təəssüflər
olsun ki, qanunun təkmilləşdirilməsi haqqında FAO-nun təklif və tövsiyyələri
yerinə yetirilmədi. Bunun əksinə olaraq, bu sahəyə cavabdeh olan bu orqanlar məsuliyyətdən
gələcəkdə yaxa qurtarmaq üçün birdəfəlik mövcud Qanunu ləğv etdirmək qərarına gəldilər.
Eyni zamanda təqdim etdikləri layihədə orqanik məhsulların
sertifikatlaşdırılması ilə əlaqədar bütün səlahiyyətlər Qida Təhlükəsizliyi
Agentliyinə verilməklə aidiyyatı olan digər mərkəzi icra orqanlarının səlahiyyətlərinə
müdaxilə olunurdu. Halbuki, dünyanın bütün ölkələrində orqanik məhsulların
sertifikatlaşdırılması bu ölkələrin
Milli Standartlarına əsaslanaraq yerinə yetirilir. “Azərbaycanın Milli
Standartları” bizim tərəfimizdən işlənib hazırlanaraq 2016-cı ildə Azərbaycan
Standartlar Komitəsinə təqdim olunmuşdur və bu standartlar Azərbaycan
Standartlaşma İnstitutu tərəfindən hüquqi sənəd kimi tamamlanaraq təsdiq
olunmuşdur və hüquqi qüvvədədir. Hətta həmin
orqanın nəzdində ekoloji kənd təsərrüfatı qanunvericiliyinə və standartlara nəzarəti
həyata keçirmək üçün mütəxəssislərin iştirakı ilə texniki komitə yaradılmışdır”.
AQTA-nın
hədəfi nədir?
Professor
suala belə cavab verib:
“Ekoloji
təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun ləğvi ölkəmizin
ictimai mühitində və beynəlxalq aləmdə dövlətimizə qarşı mənfi rəy yarada bilərdi
. Ona görə də İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətçilik ruhuna sadiq
qalaraq KTN və AQTA yuxarıda qeyd etdiyimiz məktubuna cavab olaraq bildirdi ki,
mövcud Qanunun ləğv olunması məqsədəuyğun deyildir, əgər qanunda boşluqlar
varsa ölkə standartlarını təkmilləşdirmək lazımdır. Bir mütəxəssis kimimənim də
fikrim belədir ki, yeni qanun layihəsi hazırlamaq yox, mövcud qanunvericiliyi təkmilləşdirmək
lazımdır”.
News365.az