Milli Məclis İqlim Həftəsi ilə bağlı memorandumu təsdiqlədi

Milli Məclis İqlim Həftəsi ilə bağlı memorandumu təsdiqlədi
11:30

Azərbaycan hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumunun təsdiqlənməsi haqqında qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.

News365.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Memorandum 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və sentyabrın 2-də Bakıda imzalanıb. Sənəd tədbirlərin təşkili və ev sahibliyi ilə bağlı Azərbaycan hökuməti ilə katiblik arasında əməkdaşlığın şərtlərini müəyyənləşdirir.

Memorandumda İqlim Həftəsi-4 üçün 2026-cı il sentyabrın 7–11-i, Adaptasiya Komitəsinin 30-cu iclası üçün isə sentyabrın 14–17-si tarixləri nəzərdə tutulub. Hər iki tədbirin keçirilmə yeri Bakı şəhəri göstərilib.

Sənədə əsasən, Azərbaycan hökumətinin öhdəliklərinə tədbirlər üçün məkan, avadanlıq, rabitə və internet xidmətlərinin, dəstək heyətinin və təhlükəsizlik tədbirlərinin təmin edilməsi daxildir.

Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri tərəfindən plenar iclasın müzakirəsinə tövsiyə olunub.

Məsələ səsə qoyularaq qəbul edilib. 


Sizin reklam burada
Sizin reklam burada