Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, Avronest Parlament Assambleyası çərçivəsində Azərbaycanın üzvlüyünə xitam verilməsi üçün prosedurlara başlanılacaq.
Qərarın verilməsinə səbəb Avropa Parlamentinin 30 aprel tarixində Azərbaycanla bağlı qəbul etdiyi qətnamə olub. Məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç çağırılıb və ona etiraz notası təqdim edilib.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Avropa Parlamentinin bu addımı həm Ermənistan–Azərbaycan sülh prosesinə, həm də Bakı ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir göstərə bilər.

Ekspertin sözlərinə görə, qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı, “müharibə əsirləri” kimi təqdim edilən şəxslərin azad olunması və mədəni irsin məhv edilməsi ilə bağlı iddialar yer alıb. Lakin bu iddiaların əsassız olduğu vurğulanır.
Turan Rzayev qeyd edib ki, Qarabağ erməniləri Azərbaycanı könüllü şəkildə tərk ediblər və rəsmi Bakı reinteqrasiya prosesi elan etsə də, onlar başqa ölkələrə köçməyi seçiblər. O əlavə edib ki, “müharibə əsiri” kimi təqdim edilən şəxslər Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun şəkildə mühakimə olunublar.
Politoloq həmçinin bildirib ki, Qarabağda aparılan bərpa və quruculuq işləri çərçivəsində tarixi abidələr bərpa olunur və erməni irsinin məhv edilməsi ilə bağlı iddiaların əsası yoxdur.
Ekspert vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində işlər davam edir. Bu çərçivədə Azərbaycan nümayəndə heyətinin Şahin Mustafayev rəhbərliyi ilə Ermənistana səfəri də baş tutub.
Onun fikrincə, belə bir mərhələdə Avropa Parlamentinin qəbul etdiyi qətnamə prosesə töhfə vermək əvəzinə, ona zərər vurur və bəzi dairələrin, xüsusilə erməni diasporunun sülh prosesindən narahat olduğunu göstərir.
Turan Rzayev hesab edir ki, rəsmi Bakının reaksiyası əsaslıdır və eyni zamanda Ermənistan tərəfi də diaspor fəaliyyətlərinə qarşı daha ciddi mövqe ortaya qoymalıdır. Əks halda, bu kimi hallar sülh prosesinə mənfi təsir göstərməkdə davam edəcək.