Metroda gediş haqqı ilə bağlı YENİLİK – Açıqlama

Metroda gediş haqqı ilə bağlı YENİLİK – Açıqlama
14:00

Bakı metrosunda bəzi stansiyalarda tətbiq olunan məhdudiyyətlərin gediş haqqına təsir edib-etməyəcəyi ilə bağlı müzakirələr gündəmə gəlib.

Məsələ “Bakı Metropoliteni”nin “qırmızı” və “yaşıl” xətlərinin ayrılması istiqamətində aparılan işlərlə əlaqədar sərnişinlərin hərəkətində müəyyən məhdudiyyətlərin yaranmasından sonra aktuallaşıb.

İqtisadçı ekspert Natiq Cəfərli news365.az-a bildirib ki, stansiyalara giriş və hərəkətlə bağlı məhdudiyyətlər sərnişin sayının azalmasına səbəb ola bilər. Bu isə metropolitenin gəlirlərinə təsir göstərə və mümkün maliyyə itkilərinin kompensasiyası üçün gediş haqqının artırılması ehtimalını gündəmə gətirə bilər.

Bəs hazırda metro tariflərinin artırılması ilə bağlı hər hansı qərar varmı?

“Bakı Metropoliteni” QSC-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun gediş haqqının tənzimlənməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur.

Qeyd edilib ki, Bakı metrosunda gediş haqqı Tarif (qiymət) Şurasının qərarı ilə deyil, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı əsasında müəyyənləşdirilir.

Hazırda Bakı metrosunda bir gedişin qiyməti 60 qəpikdir.

Beləliklə, metropolitendə tətbiq olunan məhdudiyyətlərin fonunda gediş haqqının artırılması ilə bağlı hər hansı qərarın qəbul edildiyi barədə məlumat yoxdur.


Sizin reklam burada
Sizin reklam burada