Burada rast gəlinən heyvanların 90%-i başqa heç bir yerdə yoxdur. Nəhəng baobab ağacları, sirli lemurlar və rəngarəng tropik meşələr – sanki fərqli bir planet! Amma Madaqaskar təkcə təbiət möcüzələri ilə deyil, tarixinin və mədəniyyətinin sirrləri ilə də valeh edir. Söhbət Dünyanın dördüncü ən böyük adası – Madaqaskardan gedir.
Müasir dövrdə nəqliyyat texnologiyalarının inkişafı sayəsində dünyanın bir ucundan digər ucuna saatlar içində çatmaq mümkündür. Hətta ora quru ilə əlaqəsi olmayan bir ada olsa belə. Məhz Madagaskar da belə bir ölkədir.
Afrikanın şərqində yerləşən, heç bir quru ərazisi ilə əlaqəsi olmayan və dünyanın dördüncü ən böyük adası olan bu ölkə, xəritəyə uzaqdan baxanda belə öz mövcudluğunu dərhal bəlli edir. Ölkənin ümumi sahəsi 587 040 km²-dir. Bu geniş torpaqlarda isə cəmi 33 milyon insan yaşayır. Ada olmasına baxmayaraq, Madagaskar Afrika qitəsinə bağlı hesab edilir. Belə ki, onu Afrikadan yalnız Mozambik boğazı ayırır.
Görünür ki, dünya qitələrə bölünərkən Afrikadan qopmuş bir torpaq parçası Madagaskar adasını formalaşdırıb. Məsələn, 1500-cü illərdə Portuqaliyalı Diego Dias Madagaskarı görən ilk avropalı olsa da, afrikalılar artıq burada yaşayırdılar. Lakin tədqiqatçılar hesab edirlər ki, adaya ilk məskunlaşanlar Hind okeanını aşaraq İndoneziya üzərindən gələn cənub-şərqi asiyalılardır.
Belə ki, bu cənub-şərqi asiyalılar afrikalılardan təxminən min il əvvəl Madagaskara gəliblər. Bu gün adada yaşayan insanların bəzi simaları daha çox asiyalıya bənzəyirsə, bilin ki, onların ataları Madagaskara ilk gələnlərdəndir. Çünki Madagaskar xalqının danışdığı Malqasy dili cənub-şərqi Asiya dilləri ilə böyük oxşarlıqlar göstərir.
1800-cü illərdə Fransızlar Afrikanın digər bölgələrini necə istismar etdilərsə, Madagaskarı da eyni şəkildə 100 ilə yaxın talan etdilər. Təbii ki, Madagaskar xalqı fransızların hərbi və texnoloji gücünə qarşı duruş gətirə bilmədi. Buna görə də bu gün ölkədə Malqasy dili ilə yanaşı, fransız dili də geniş yayılıb və demək olar ki, hər kəs bu dili sərbəst şəkildə danışır.
Madagaskar yalnız 1960-cı ildə tam müstəqil bir dövlət olmağı bacardı. Xoşbəxtlikdən, ölkənin təbii sərvətləri bu uzunmüddətli istismara baxmayaraq tükənmədi. Bu gün də Madagaskar torpaqlarında dünyanın ən keyfiyyətli kakao, vanil, şəkər qamışı, qəhvə, banan və fıstıq məhsulları yetişdirilir.
Madagaskar adı insanı cəlb edən bir səslənməyə malikdir. Çox güman ki, bir çoxunuz bu adı ilk dəfə məşhur "Madagaskar" animasiya filmindən eşitmisiniz. Lakin bu adın mənbəyi yerli dillərdən və ya hər hansı bir hökmdardan gəlmir.
Rəvayətlərə görə, məşhur səyyah Marko Polo bir zamanlar Somali şəhəri Moqadişunun fərqli tələffüzü kimi bu adanı "Madageyskar" adlandırmış və nəticədə bu ad zamanla dəyişərək "Madagaskar" şəklini almışdır. Həmçinin Marko Polo bu adanı Afrikanın tükənməz sərvətlərlə dolu bir parçası kimi təsvir etmişdir. Həqiqətən də, bu gün Madagaskar öz nadir təbiət gözəllikləri və saysız-hesabsız unikal canlıları ilə nəhəng bir botanika bağına bənzəyir.
Ölkənin paytaxtı Antananarivo adlı şəhərdir və Madaqaskara edilən səfərlər əsasən bu şəhər vasitəsilə həyata keçirilir. Ölkənin heç bir quru sərhədi olmadığından, Madaqaskara getmək üçün ya təyyarədən istifadə etməlisiniz, ya da dəniz yolu ilə gəlməlisiniz. Madaqaskara çatdıqda tez-tez dini ayinlərə rast gələ bilərsiniz.
Ölkədə inanclar olduqca böyük əhəmiyyətə malikdir. Lakin maraqlısı odur ki, avropalılar bu cəmiyyətə xristianlığı tam olaraq inteqrasiya edə bilməyiblər. Ümumilikdə ölkə ənənəvi inanc sisteminə sahibdir.
Bu gün Madaqaskar xalqı əsasən ata-babalarından miras qalan məbədlərdə öz inanclarını yaşadır və davam etdirir. Təbii ki, Hindistan mənşəli olub Madaqaskarda yaşayan xristianlar və müsəlmanlar da mövcuddur. Madaqaskar haqqında qısa bir giriş etdiyimizə görə gəlin baxaq, bu Afrika cəmiyyəti orada nə edir və necə yaşayır.
Əvvəlcə qeyd etmək lazımdır ki, Madaqaskarın hansı şəhərinə gedirsinizsə gedin, sizə alışdığınız müasir dünya ab-havasını verməyəcək. Ölkədə yalnız şəhər infrastrukturu və yolların inkişaf səviyyəsi təxminən 40-50 il geridə qalır. Həmçinin, məşğuliyyətlər əsasən gündəlik və qeyri-ixtisaslı işlərə əsaslanır.
Madaqaskar şəhərlərində gəzərkən yol kənarlarında Cənub-Şərqi Asiya ölkələrində olduğu kimi çox sayda küçə satıcılarına rast gələ bilərsiniz. Bu satıcılar adətən Afrikaya məxsus küçə yeməkləri və müxtəlif meyvələr satırlar. Bəziləri özlərinin düzəldib boyadığı suvenirləri, digərləri isə açıq havada balıq təmizləyib satırlar.
Əgər insanlardan gözlərinizi çəkib binalara və yerlərə baxsanız, tikililərin çoxmərtəbəli olmadığını, açıq rəng tonlarında və 40-50 illik olduğunu, yolların isə əsasən asfaltlanmadığını görərsiniz. Madaqaskarda şəhərlərin çox hissəsində düz-əməlli asfalt yoxdur və yollar qum-torpaq içindədir. Buna görə də, motorlu nəqliyyat vasitələri yoldan keçərkən toz qalxır və nəfəs aldığınız hava ağırlaşır.
Bundan əlavə, küçələrdəki avtomobillərin və motosikletlərin demək olar ki, hamısı çox köhnədir. Hətta bir çoxu hər an sıradan çıxa və sizi yolda qoya bilər. Üstəlik, bir çox ərzaq məhsulları tozlu yolların kənarında satıldığı üçün açıq havada satılan bu məhsulların sağlamlıq baxımından nə qədər təhlükəsiz olduğu sual altındadır.
Lakin Madaqaskarda həyat o qədər çətindir ki, insanların çoxu yedikləri və içdiklərinin gigiyenik olub-olmadığını düşünmür və küçə satıcılarına böyük maraq göstərirlər. Yeməklərlə yanaşı, ölkədə bir çox insanın maddi imkanı texnoloji cihazlar almağa çatmadığından, Madaqaskar küçələrində çox sayda ikinci əl elektronik əşya satan insanlara da rast gələ bilərsiniz. Ancaq almaq istədiyiniz cihazı mütləq yoxlamaqda fayda var.
Ölkədə bəzi insanların xüsusi məşğuliyyətləri də var. Bu məşğuliyyətlərin bəziləri qısa yolla pul qazanıb varlanmağa yönəlmişkən, digərləri isə böyük zəhmət və əziyyət tələb edir. Məsələn, ən çətin işlərdən biri "pus pus" nəqliyyatıdır.
Çoxunuz bu adı ilk dəfə eşidə bilərsiniz. Bu nəqliyyat vasitələri Banqladeşdəki velosiped taksilərinin sadəcə velosipedsiz versiyasıdır. Banqladeşdə insanlar velosipedin arxasına oturacaq yerləşdirib, pedal çevirərək sərnişinləri bir yerdən başqa yerə daşıyırdılar.
Bənzər nəqliyyat vasitələri Nepal və digər Cənub-Şərqi Asiya ölkələrində də mövcuddur. Lakin Madaqaskarda vəziyyət daha ağırdır. Çünki "pus pus" və ya "çəkçək" deyilən bu nəqliyyat vasitələrində insanlar adətən yalın ayaqla sərnişin daşıyırlar.
Velosipedləri olmadığı üçün onlar kürəklərindən və qollarından aldıqları güclə arxadakı təkərli oturacaqda əyləşən müştəriləri çəkərək taksi xidməti göstərirlər. Ən qəribəsi isə müştərilərin bu vəziyyətə heç bir reaksiya verməməsi və vicdan əzabı çəkmədən bu nəqliyyat vasitələrindən istifadə etmələridir. Onsuz da istifadə etməsələr, bu işlə məşğul olan insanlar ac qalacaq.
Beləliklə, bu iş həmin coğrafiyada bir vərdiş halına gəlib və heç kim bundan narahat deyil. Açığı, belə bir əsrdə tamamilə insan gücünə əsaslanan bir nəqliyyat sisteminin hələ də mövcud olması kədərlidir. Üstəlik, alın təri içində gördükləri bu ağır işdən qazandıqları pul da olduqca acınacaqlı səviyyədədir.
Madaqaskarda rikşa daşıyıcılığı ilə məşğul olan insanlar adətən bu nəqliyyat vasitələrini başqalarından kirayələyirlər. Bir rikşanın gündəlik kirayəsi təxminən 300 Türkiyə lirəsinə bərabərdir. Bu da 7 min Madaqaskar ari-arisinə (yerli valyuta) uyğun gəlir.
Həmin şəxsin gündəlik qazancı isə işləri yaxşı gedərsə, 90-100 min ari-ari civarındadır. Yəni əgər siz Madaqaskarda doğulub bu işlə məşğul olsaydınız, səhərdən axşama qədər qaça-qaça daşıyıcılıq etdiyiniz bu işdən aylıq 2 min - 2 min 500 Türkiyə lirəsi qədər qazanc əldə etmiş olacaqdınız. Təbii ki, 150 dollarlıq bir məbləğ bir Madaqaskarlı üçün olduqca yaxşı qazanc hesab edilir.
Bu ölkədə hər kəs o qədər də şanslı deyil. Belə ki, burada ayda xalis olaraq 100 dollardan çox qazana bilən insanlar rahat yaşaya bilirlər. Elə ki, ayda cəmi 60 dollar qazananlar belə var.
Buna görə də Madaqaskarda ac qalmamaq üçün gündə ən azı 3 dollar qazanmaq lazımdır. Digər tərəfdən, nə bir şey satan, nə də rikşa sürücülüyü etməyə cəhd edən insanlar Madaqaskarda fərqli peşələrə yönəliblər. Əslində buna peşə demək nə dərəcədə doğrudur, onu siz qərar verin.
Bu gün dünyanın bir çox yerində xoruz döyüşləri qadağan olunsa da, Madaqaskarın bir çox bölgəsində xoruz döyüşləri keçirilir. Xoruzlar mərc əsasında döyüşdürülür və xoruz sahibləri bu heyvanlar üzərindən mərc edərək pul qazanmağa çalışırlar. Başqa bir ailəyə nəzər yetirdikdə isə görürsünüz ki, onlar keçmişdə fransızların onlara məcburi şəkildə gördürdüyü işlərdən biri olan zərgərlik üçün qiymətli daş axtarışı ilə məşğul olurlar.
Madaqaskarda iş tapa bilməyən bir çox ailə, qadın-uşaq demədən torpağı və suyu qazıb qiymətli daşlar axtarır. Görünür, keçmişdə bu primitiv üsulla qiymətli daşlar tapıldığı üçün Madaqaskarlı insanlar bu yolla həyat yarışında ön sıralara keçmək xəyalı qururlar. Hətta bəziləri təşkilatlanaraq birbaşa safir axtarışına girişiblər.
Ölkənin müxtəlif yerlərindəki mədən ərazilərini qazaraq, yaşlısı-cavanı safir tapmağa çalışırlar. Çayların sahilindəki torpağı ələkdən keçirirlər və ümid edirlər ki, qiymətli bir daş tapacaqlar. Təbii ki, bu son dərəcə riskli və çətin bir işdir.
Çünki bu insanlar aç qarnına, gündəlik gəlirə bağlı olmadan işləyirlər. Əgər heç bir qiymətli daş tapmasalar, sərf etdikləri onca əmək boşa gedəcək və beş qəpiksiz qalacaqlar. Bəs siz Madaqaskarda yaşasaydınız, bəlkə də heç bir nəticə əldə etmədən günlərlə, hətta aylarla palçığın, torpağın içində qiymətli daş axtarardınız? Yoxsa bu macəraları bir kənara qoyub gündə 2-3 dollara işləməyə razı olardınız?
Digər tərəfdən, Madaqaskarın bu qədər zəngin torpaqlara malik olmasına baxmayaraq, niyə bu qədər kasıb olduğuna başqa bir cavab da var.
Bəli, bu ölkə 150-200 il əvvəl fransızlar tərəfindən amansızcasına istismar edilib. Lakin sonrasında da ölkəyə düzgün bir idarəçi gəlməyib. Keçmişdən bu günə qədər Madaqaskar kimi bir çox Afrika ölkəsində dövlət başçılarının böyük sərvətlərə sahib olduğu halda, xalqın bir tikə çörək tapmaqda çətinlik çəkdiyini görmək mümkündür.
Belə ki, bir ölkədə təhsilsizlik və cahillik varsa, o ölkədə korrupsiya da qaçılmaz olur. Madaqaskar da bu vəziyyətdən təsirlənmiş və zəif idarəçilik sisteminə malik bir dövlətdir. Bundan əlavə, ölkədə dörd fəsil anlayışı yoxdur.
İlin yarısı yağışlı keçir, digər yarısı isə sərin hava müşahidə edilir. Qəfil baş verən güclü qasırğalar əkin sahələrinə ciddi ziyan vurur və nəticədə xalq istehsaldan gəlir əldə edə bilmir. Digər tərəfdən, yağış mövsümü gecikəndə və quraqlıq uzun çəkəndə isə tarlada yetişdirilən məhsullar zəif olur və yaxşı məhsul əldə etmək mümkün olmur.
Daha pisi isə budur ki, yağışların çox qısa müddət davam etdiyi hallarda çaylar quruyur və əhali təmiz suya çıxış imkanını itirir. Bu zaman insanlar təmiz su tapmaq üçün torpağı qazıb yeni quyular açmağa çalışırlar. Suyu tapdıqda isə qablarına doldurub susuzluqlarını yatırırlar.
Su bu torpaqlar üçün ən az safir qədər qiymətlidir. Təəssüf ki, Madaqaskarda əhalinin yarısından çoxu su ehtiyacını kranlardan deyil, çaylardan və quyulardan barellərə su dolduraraq ödəyir. Ölkədə düzgün su təchizatı infrastrukturu və ya normal internet sistemi yoxdur.
Uşaqlar çox çalışmalı, evlərinə su aparmalı və ailələrinə kömək etməyə məcburdurlar. Xüsusilə əlləri və ayaqları tutmayan valideynlər, övladları sayəsində həyatda qalmağı ümid edirlər. Üstəlik, bu uşaqların həyatdan heç bir umudu və arzuları da yoxdur.
Onların çoxu bütün ömürləri boyu eyni həyat tərzinin davam edəcəyini düşünür. Hətta bəzi uşaqlar ailələrinə su daşımaqla kifayətlənməyib, digər ailələrə də su daşıyaraq pul qazanmağa çalışırlar. Ölkədə uşaqların böyük əksəriyyəti məktəbə getmir, insanların gündəlik qida payı isə bəzən yalnız bir ədəd qızardılmış banandan ibarət olur.
Qızardılmış banan nədir desəniz, bananı una batırıb qızğın yağın içinə atırlar. Bütün proses budur, dostlarım. Bundan əlavə, Madaqaskarda donuz ətinə böyük maraq var.
Buna görə də küçə yeməkləri arasında donuz əti və donuz qanından hazırlanmış qızartmalara da rast gələ bilərsiniz. Onlar donuz əti ilə bağlı demək olar ki, hər şeyi yeyirlər və şiş kababların çoxu donuz ətindən hazırlanır. Ümumiyyətlə, Madaqaskarın yemək mədəniyyəti Hindistan, Nepal kimi ölkələrdən gələn yeməklərin Afrika üçün spesifik souslarla birləşdirilməsindən ibarətdir.
Demək olar ki, hər yemək qızğın yağa unlu bir şey atmaq prinsipi ilə hazırlanır. Bundan başqa, doyurucu olduğu üçün ağ düyü çox istehlak edilir. Çünki bu insanlar gün ərzində çox yemək yeyə bilmirlər və buna görə də qarınlarını uzun müddət tox saxlayan qidalar seçməlidirlər.
Ölkənin sahil bölgələrində isə demək olar ki, hər kəs qidalanmaq üçün dənizə güvənir və balıqçılıqla məşğul olur. Madaqaskarda gəzərkən insanların yük daşımaq üçün heç bir əl arabasına sahib olmadığını görə bilərsiniz. Hansı istiqamətə baxırsınızsa, baxın, insanlar daim başlarının üstündə çuvallar və ya ağır metal yükləri daşıyırlar.
Madaqaskarın kəndlərində isə həyat daha da çətindir. Evlər əsasən taxta parçalarından və çalı-çırpılardan düzəldilmiş sadə daxmalardan ibarətdir. İnsanların ən böyük əyləncəsi isə toplu şəkildə etdikləri yerli rəqslərdir.
Yağış mövsümündə bir çox kəndə avtomobillər belə gedə bilmir və hər tərəf palçığa bulanır. Şəhərlə kənd arasında nəqliyyat xidməti göstərən maşınlar tez-tez bataqlığa saplanır və yolçuluq dözülməz bir hal alır. Bataqlığa düşən maşınları çıxarmaq isə, təbii ki, sərnişinlərin vəzifəsidir.
İnsanlar yollarına davam edə bilmək üçün içində olduqları avtomobili xilas etməyə məcburdurlar. Əgər şanslıdırsa, maşını çıxarıb yoluna davam edə bilir. Əks halda, onları xilas edəcək başqa bir avtomobil olmayacaq.
Belə olduqda, yüklərini götürüb piyada getmək məcburiyyətində qalırlar. Nəticə etibarilə, bu gün Madaqaskarda əsasən quraqlıq və aclıq kimi böyük problemlər var. İnsanlar nə düzgün qidalana bilir, nə də uşaqlarını rahat şəkildə məktəbə göndərə bilir, nə də normal yollarla hərəkət edə bilirlər.
İndiyə qədər Madaqaskar haqqında nə düşündüyünüzü bilmirəm, amma bu Şərqi Afrika ölkəsinin böyük bir hissəsində insan həyatı çox ucuz və dəyərsizdir. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla, bir çox humanitar təşkilat və hətta varlı ölkələr Afrika kimi yoxsul bölgələr üçün daimi həll yolları tapmalıdır.
Filippindəki gecəqondularda heç olmasa bədən quruluşu iri olan insanlar görmək mümkün idi. Lakin Madaqaskarda demək olar ki, hər kəs dərisi sümüyünə yapışmış vəziyyətdədir və gigiyena çatışmazlığından tək-tək ölürlər, dostlar. Buna görə də Madaqaskara çox insan getmir.
Ölkədə ümumilikdə çox şey etmək mümkün deyil, burada biznes qurmaq və pul qazanmaq da çətindir. Dostluq, əyləncə anlayışı da çətindir, çünki hər kəsin dərdi yalnız pul qazanmaq və sağ qalmaqdır.
Kamal Hüseynli